ABŞ-ın BMT-dəki səfiri istefaya gedir

Nikki Haley

ABŞ prezidenti Donald Trump deyib ki, Nikki Haley Birləşmiş Ştatların BMT-dəki səfiri postunu bu ilin sonunadək tərk edəcək.

Oktyabrın 9-da Ağ Evdə Haley-lə görüşən Trump deyib ki, o səfirin istefasını qəbul edib.

İstefanın konkret səbəbi açıqlanmayıb.

Trump Nikki Haley-i “məxsusi şəxs” adlandırıb və deyib ki, səfir istefaya getmək niyyəti barədə ona 6 ay bundan əvvəl məlumat verib.

Prezident deyib ki, o Haley-in administrasiyada başqa vəzifəyə gələcəyinə ümid edir.

Haley Trump-la görüşündə deyib ki, onun əsas vəzifəsi dünya səhnəsində ABŞ-ı müdafiə etmək olub:

"Bir görün son iki ildə ABŞ-ın xarici siyasətində nələr baş verib. Başqa ölkələr bizim etdiyimizi bəyənməyə bilərlər, lakin onlar bizim etdiklərimizə hörmət edirlər”.

46 yaşlı Haley İrana qarşı davakar mövqeyi ilə tanınır.

O Respublikaçı Partiyanın yüksələn ulduzu hesab edilir və 2020-ci il seçkisində prezidentliyə mümkün namizəd hesab olunur. Hərçənd oktyabrın 9-da Ağ Evdə Trump-la görüşü əsnasında Haley bildirib ki, 2020-ci il seçkisinə namizədliyini verməyəcək.

Trump deyib ki, Haley-i əvəz etmək üçün çox sayda namizəd var və ABŞ-ın BMT-dəki yeni səfiri iki-üç həftə ərzində bəlli olacaq.

***

Bundan əvvəl bildirlirdi ki, ABŞ mediasında yayılan xəbərlərə görə Birləşmiş Ştatların BMT-dəki səfiri Nikki Haley vəzifəsindən istefa verib. Prezident Donlad Trump yazdığı tvitdə bildirir ki, xanım Haley-i oktyabrın 9-da Ağ Evdə qəbul edəcək.

Bu məsələ ilə yaxından tanış olan mənbələr Axios xəbər saytına bildiriblər ki, Haley öz istefasını Trump-la keçən həftə müzakirə edib və prezident bu istefanı qəbul edib.

Trump-ın ən etibarlı müşavirlərindən olan Haley bu xəbəri oktyabrın 9-da Ağ Evi ziyarət etdiyi zaman Reuters agentliyinə tədsdiq etməyib.

Trump Twitter-də yazıb ki, ”onun dostu səfir Nikki Haley-lə bağlı böyük bəyanat olacaq”.

Ağ Evin sözçüsü Sarah Sanders deyib ki, BMT səfirinin ABŞ prezidenti ilə görüşündə mətbuat təmsilçiləri iştirak edəcəklər.