Telejurnalist Nikolay Svanidze vəfat edib

Nikolay Svanidze

Telejurnalist Nikolay Svanidze Moskvada vəfat edib. Bu barədə "Moskovski komsomolets" qəzeti yazıb. Məlumatı insan haqları müdafiəçisi Yeva Merkaçeva təsdiqləyib.

Svanidzenin 69 yaşı vardı. Son illər o, beyin işemiyasından əziyyət çəkirdi.

Svanidze Rusiya televiziyasının qurucularından sayılır. O, ictimai-siyasi proqramların aparıcısı, 1990-cı illərin sonlarında isə Rusiya Dövlət Teleradio Yayım Şirkətinin sədri olub.

"Rossiya" telekanalında "Zerkalo" analitik proqramına aparıcılıq edib. 2013-2022-ci illərdə "Serebryannıy dojd" radiostansiyasında xəbərləri, tarixi verilişləri aparıb. Buna qədər 10 il "Rossiya-1" telekanalında "Tarixi xronikalar" verilişinin aparıcısı olub. O, ondan çox tarixi film çəkib.

Rusiya 2022-ci il fevralın 24-də Ukraynaya qarşı tammiqyaslı müdaxiləyə başlayanda Svanidze birbaşa efirdə bunu Rusiyanın Ukraynaya "motivasiyasız və təhrik olunmayan" hücumu adlandırıb. Sonradan isə bir neçə dəfə bu "qanlı" müharibənin Rusiya üçün fəsadlarından danışıb.

2022-ci ilin noyabrında Rusiya prezidenti Vladimir Putin Svanidzeni bir sıra digər hüquq müdafiəçiləri və jurnalistlərlə birlikdə İnsan Haqları Şurasından çıxarıb. Putin şuraya Rusiyada müharibəyönlü gündəmi təbliğ edənləri salıb.

Svanidze 2022-ci ilin dekabrında Rusiya Dövlət Humanitar Universitetinin Mass-media və reklam institutunun direktoru vəzifəsindən kənarlaşdırılıb. O, 12 il idi həmin vəzifəni tuturdu.