Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) 7 saylı Cəzaçəkmə Müəssisəsində saxlanılan fəalı Niyaməddin Əhmədovun yenidən cərimə kamerasına (karser) salındığı bildirilir.
Fəalın atası Arif Əhmədovun sözlərinə görə, bu barədə ona martın 4-də cəzaçəkmə müəssisəsindən bildirilib.
A.Əhmədov deyib ki, oğlu əmrə tabe olmadığına görə artıq bir həftədir karserə salınıb, amma hansı əmrə tabe olmadığı izah edilməyib.
Yaxınlarının vurğulamasına görə, N.Əhmədovun karserə salınması ilə bağlı narahatlıq onun zəng etmə hüququndan istifadə etməməsindən sonra yaranıb. Onların dediyinə görə, o, ailəsi ilə sonuncu dəfə fevralın 23-ü əlaqə saxlaya bilib.
N.Əhmədovun AXCP sədri Əli Kərimlinin ictimai əsaslarla mühafizəçisi olduğu bildirilib. Kərimli martın 3-də Facebook səhifəsində yazdığı statusda Əhmədovun əvvəllər də karserə salınmasını və aclıq aksiyaları keçirdiyini vurğulayıb.
Bütün bu açıqlamalara, hələlik, Penitensiar Xidmətdən münasibət almaq mümkün olmayıb.
AXCP-dən bundan əvvəl bildirilmişdi ki, N.Əhmədov sonuncu dəfə ötən il martın 15-də aclıq aksiyasına başlamış və onu iki həftə davam etdirmişdi. "Niyaməddin Əhmədov idmanla məşğuldur və ona müəyyən qida əlavələri lazım olur. Lakin göndərilən həmin qida əlavələri ona verilmirdi, onların qadağan olduğu deyilib. Bundan əlavə, qohumlarla görüşə problem yaradılmışdı. Hətta daxili nizam-intizam qaydalarını əks etdirən istədiyi kitabça da ona verilməyib. Niyaməddin bütün bunlara etiraz etdiyi üçün karsa salınmışdı", - həmin vaxt partiyadan vurğulanmışdı.
Amma onda Penitensiar Xidmətdən bildirilmişdi ki, məhkum N.Əhmədov ilə bağlı deyilənlər tam əsassızdır, qanunvericilikdə nəzərdə tutulmuş qaydada rejimə uyğun olaraq (ayda bir dəfə) ona yaxın qohumları ilə görüş təqdim olunur: "Qanunvericilikdə nəzərdə tutulmuş qaydada sovqat, banderol almaq hüququ da təmin edilir".
Xatırlatma
AXCP sədrinin ictimai əsaslarla mühafizəçisi olduğu deyilən N.Əhmədov 2020-ci ilin aprelində həbs olunub. O, Cinayət Məcəlləsinin 214-1-ci (terroru maliyyələşdirmə) maddəsi ilə ittiham edilib. İstintaqın sonunda ona daha iki maddə ilə - 28.281 (dövlət əleyhinə yönəlik açıq çağırışlara hazırlıq) və 233-1 (qanunla mülki dövriyyədə olmasına yol verilməyən əşyaları əldə etmə, saxlama) ittiham verilib. 2021-ci il oktyabrın 8-də Bakı Ağır Cinayətlər Məhkəməsi N.Əhmədovu 13 il azadlıqdan məhrum edib.
N.Əhmədov özünü təqsirli bilmir və ittihamları öz siyasi fəaliyyəti ilə əlaqələndirib. Bir çox hüquq müdafiəçiləri onu siyasi məhbus kimi tanıyıb. Azərbaycan rəsmiləri isə ölkədə siyasi məhbusların olması ilə bağlı fikirləri qəbul etmirlər.