Norveç Bakıda səfirliyini bağlayır, Azərbaycan təəssüflənir

Norveç bayrağı

Norveç hökuməti Azərbaycandakı səfirliyini bağlayacaq.

Bu barədə Norveçin Xarici İşlər Nazirliyinin (XİN) məlumatında bildirilir.

Norveç XİN başçısı Eriksen Soreydenin açıqlamasına görə, Azərbaycanla ölkəsi arasındakı münasibətlər səfirlik bağlanıldıdan sonra onların Türkiyədəki səfirliyi vasitəsilə həyata keçiriləcək. Bakıda isə baş konsulluq fəaliyyət göstərməlidir.

Norveç eyni zamanda Gürcüstanda səfirlik açılması haqqında da qərar qəbul edib. Bu qərarı açıqlayan E.Soreyde bildirib ki, "Gürcüstan Cənubi Qafqazda Norveçin əsas tərəfdaşıdır".

"Gürcüstanda həyata keçirilən islahatlar onu "Avropa qurumları və Avroatlantik qurumlarla yaxınlaşdırıb. Tbilisidə səfirliyin olması, bütün regionda hadisələrin inkişafını daha yaxşı müşahidə etməmizə imkan verəcək",Soreyde bildirir.

Məlumatda deyilir ki, bu dəyişikliklər 2019-cu ildə həyata keçiriləcək.

Azərbaycan Xarici İşlər Nazirliyinin Norveç səfriliyinin bağlanılmasını şərh edib.

“Norveçin Azərbaycanda səfirliyini bağlaması qərarı təəssüf doğurur, lakin bu, Norveç hökumətinin qərarıdır”, Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri vəzifəsini icra edən Leyla Abdullayeva belə deyib.

AZƏRTAC-ın məlumatına görə, o, vurğulayıb ki, Azərbaycan Norveçlə hərtərəfli xoş münasibətlərə malikdir.

“Bu ölkənin ən iri enerji şirkəti olan “Equinor” (əvvəlki “Statoil”) 1990-cı illərdə Azərbaycana gələn ilk xarici şirkətlərdən biri və “Əsrin müqaviləsi”nin ( 1994-cü ildə Azərbaycanla xarici neft şirkətləri arasında imzalanıb) iştirakçısı olub. Norveçli vikinqlərlə azərbaycanlılar arasında qədim əlaqələr və bağlılığın mövcudluğu nəzəriyyəsinin müəllifi, Norveçin tanınmış alim-etnoqrafı Tur Heyerdal Azərbaycanın böyük dostu olub. İki ölkə arasında müxtəlif sahələrdə çoxsaylı və faydalı layihələr həyata keçirilib. Hazırda bizdə olan məlumata görə, Norveç tərəfi Azərbaycanda öz təmsilçiliyini konsulluq fəaliyyəti vasitəsilə saxlamaq niyyətindədir. Lakin bu təmsilçiliyin fəxri və ya diplomatik konsulluq statusunda həyata keçiriləcəyi hələ ki, tam aydın deyil”, XİN sözçüsü qeyd edib.