'Nə rezin güllələrdən istifadə edildi, nə də itlər buraxıldı…'

19 oktyabr aksiyası

Oktyabrın 19-da Milli Şuranın Bakıda keçirdiyi etiraz aksiyası zamanı saxlanan şəxslər polisdə işgəncələrlə üzləşdiklərini bildirdilər. Mitinq iştirakçıları həmçinin, saxlanılma zamanı həddən artıq kobudluqla rastlaşdıqlarını dedilər.

Təcridxana və cəzaçəkmə müəssisələrində işgəncələr olması barədə şikayətlər vaxtaşırı mətbuatda yer alır. Lakin hakimiyyət nümayəndələri belə faktların mövcudluğunu qəti şəkildə rədd edirlər.

Repressiya və İşgəncələr Əleyhinə Komitənin koordinatoru Oqtay Gülalıyevin AzadlıqRadiosuna bildirməsinə görə, Azərbaycanda işgəncə faktları geniş yayılıb, lakin bir çox hallarda onları sübut etmək çətindir:

O.Gülalıyev

«İşgəncə faktlarının ört-basdır edilməsi…»

«Bu faktlar foto və video materiallar, şahid ifadələri, bəzən məhkəmə qərarları ilə də öz təsdiqini tapsa da, yenə də onlar təkzib olunurdu. 19 oktyabr mitinqində və mitinqdən sonra insalara göstərilən qəddarlıq bir çox şəkillərlə, videogörüntülərlə, həmçinin, bədəndə qalan izlərlə sübut olunur və bir daha ölkədə işgəncə faktların olmasını göstərir. Mitinqdən sonra prokurorluğun bəyanatı fonunda isə işgəncə faktlarının hakimiyyət səviyyəsində ört-basdır edilməsi faktı öz təsdiqini tapdı…».

Buna da bax: 'Hakimiyyət 'siyasi islahatlar' sözündən istifadə etmir'

Hüquq müdafiəçisi deyib ki, ölkədə işgəncələr problemini həll etmək üçün dövlət səviyyəsində addımlar atılmalıdır, işgəncə verən şəxslər cəzalandırılmalıdır: «Bundan əlavə, ictimai təşkilatlar, vətəndaş cəmiyyətin nümayəndələri bu faktları daha çox ictimailəşdirməlidirlər. Beynəlxalq təşkilatlar isə daha ciddi addımlar atmalı, bəyanatlarla kifayətlənməməlidirlər. İşgəncə törədən şəxslərə qarşı ciddi sanksiyalar tətbiq edilməlidir».

S.Qocamanlı

«Lazım olan instansiyalara öz mövqeyimizi çatdıracağıq»

İnsan Hüquqları üzrə İşçi Qrupun üzvü Səidə Qocamanlı isə deyib ki, hər işgəncə şikayətini mütləq yoxlamaq lazımdır:

«Biz hazırda oktyabrın 19-da mitinq zamanı və mitinqdən sonra, həmçinin, oktyabrın 20-də qadınların aksiyasında baş verənləri araşdırırıq. Yoxlanmamış məsələ haqqında fikir söyləmək olmaz. Biz hər bir məlumatı çözürük, öyrənirik və bununla bağlı lazım olan instansiyalara öz mövqeyimizi çatdıracağıq».

S.Qocamanlı vurğulayıb ki, işgəncələr dünyanın hər yerində var: «Harada mitinq gedir, harada olur-olsun, mütləq bu xoşagəlməz hadisələrə rast gəlinir. Hər il işgəncələrlə bağlı beynəlxalq təşkilatların xüsusi hesabatları olur və bu hesabatlarda işgəncələr barədə məlumatlarla yanaşı, tövsiyələr də verilir».

F.Quliyev

«Yalan danışırlar»

Milli Məclisin deputatı Fərəc Quliyevin fikrincə isə, Milli Şuranın mitinqində və mitinqdən sonra işgəncələr verilməsi barədə iddialar yalandır. «Yalan danışırlar. Yalandan göstərirlər ki, guya köynəkləri cırılıb və sair. Özü də bunu Daxili İşlər Nazirliyinin əməkdaşları yox, öz adamları ediblər. Onlara Lökbatanda yer təklif olundu, razılaşsaydılar, həmin polis əməkdaşları onları qoruyardı. Razılaşdırılmamış yerdə mitinq keçiriblər. Polisin isə öz vəzifəsi var və onlar qanunsuz aksiyanın qarşısını almalıdırlar… Özü də, nə rezin güllələrdən istifadə olundu, nə də itlər buraxıldı. Qanunsuz bir aksiya varsa, onun qarşısı alınmalıdır. Bəzi dairələr isə bu məsələni şişirdirlər».

Buna da bax: 'Bəlkə də, islahatın 'i' hərfinə başlanmış olar'

Xatırlatma

Milli Şura oktyabrın 19-da Bakıda etiraz aksiyası keçirməyə cəhdlər göstərib. Həmin aksiya Bakı şəhər İcra Hakimiyyəti (BŞİH) ilə razılaşdırılmayıb. Polis aksiyanın qarşısını alıb, onlarla şəxs saxlanıb. Aksiya öncəsi Bakı metrosunun 3 stansiyasına giriş qapadılıb, şəhərin mərkəzində internetdə kəsintilər yaranıb.

Milli Şura bu aksiyanın keçirilməsindən ötrü BŞİH-ə şəhərin mərkəzinə yaxın 3 yer təklif etmişdi. Amma BŞİH bu yerlərin heç birini münasib saymayaraq, Milli Şuraya Bakının mərkəzindən kənar Lökbatan qəsəbəsini təklif etmişdi. Bundan sonra Milli Şura rəhbərliyi bu cavabla Konstitusiya ilə onlara verilən sərbəst toplaşmaq azadlığının pozulduğunu bildirərək razılaşdırılmamış aksiyaya qərar vermişdilər.

Bakı şəhər Baş Polis İdarəsi də bəyan etmişdi ki, icazəsiz aksiyanın qarşısı alınacaq.