Oğrulara bəd xəbər

Foto illüstrasiya

-

Azərbaycanda oğurluğa görə cəzalar ağırlaşdırılıb. Bundan başqa, mütəşəkkil dəstə oğurluğunun minimum həbs müddəti uzadılıb.

APA-nın xəbərinə görə, bu, bu gün Milli Məclisin iclasında qəbul edilən Cinayət Məcəlləsinə əlavə və dəyişikliklərdə əksini tapıb.

Maddənin 1-ci bəndinə edilən dəyişikliyə əsasən, oğurluğa görə 500 manatdan 1000 manata qədər cərimə və ya 180 saatdan 240 saatadək ictimai işlər nəzərdə tutulur. Habelə, oğruya 2 ilədək islah işləri və ya 2 il həbs cəzası verilə bilər. Hazırda isə bu cəza 100 manatdan 700 manatadək cərimə, 180 saatdan 240 saatadək ictimai işlər, 2 ilədək islah işləri və ya 2 il həbsdən ibarətdir.

Maddənin 2-ci bəndinə əlavə edilən beşinci hissəyə görə, oğurluq zərərçəkmiş şəxsin üzərindən, cibindən və çantasından çıxarılmaqla törədildikdə, cəza daha ağır olacaq - 3 min manatdan 5 min manatadək cərimə və ya 3 ildən 7 ilədək həbs.

Maddənin 3-cü bəndinə edilən dəyişikliyə görə, eyni əməllər mütəşəkkil dəstə tərəfindən, külli miqdarda ziyan vurmaqla və ya əvvəllər məhkum edilmiş şəxs tərəfindən törədildikdə, 7 ildən 12 ilədək azadlıqdan məhrumetmə ilə cəzalandırılır. Hazırda bu cəza 6 ildən 12 ilə qədərdir.