Vyana daha dünyanın ən yaşamalı şəhəri deyil

Oklend, arxiv fotosu

İlk beşlikdə daha sonra Osaka, Adelaida, Tokio və Vellinqton yer alıblar

“Economist Intelligence Unit” 2021-ci il üçün Qlobal Yaşayışa Uyğunluq İndeksini açıqlayıb. İndeksdə 140 şəhər beş sahə: sabitlik, səhiyyə, təhsil, mədəniyyət və ətraf mühit və infrastruktur üzrə dəyərləndirilir. Builki data 2021-ci il fevralın 22-dən martın 21-dək olan dövrü əhatələyir. Onda şəhərlər pandemiya ilə mübarizənin müxtəlif mərhələlərində idilər.

İndeksdə Oklend dünyada ən yaşamalı şəhər hesab olunub. İlk beşlikdə daha sonra Osaka, Adelaida, Tokio və Vellinqton yer alıblar.

Oklend COVID-19 pandemiyası ilə uğurlu mübarizəsinə görə başa çıxıb. Bu, cəmiyyətin açıq qalmasına, təhsil, mədəniyyət və ətraf mühit daxil olmaqla bir sıra göstəricilərdə özünü yaxşı göstərməsinə səbəb olub.

Builki indeksdə ən qazanclı çıxan şəhər ABŞ-ın Havay ştatındakı Honoluludur. Pandemiya ilə mübarizədə güclü proqresə görə şəhər 46 pillə irəliləyərək 14-cü olub.

Ümumilikdə isə COVID-19 pandemiyası şəhərlərdə yaşam səviyyəsinin azalmasına səbəb olub. Özəlliklə, Avropa və Kanada şəhərləri geriləyiblər.

İndiyədək dünyanın ən yaşamalı şəhəri hesab olunan Vyana 12-ci yerə düşüb. Ən çox geriləyən isə Hamburq olub, 34 pillə geri gedərək 47-ci olub.