Azərbaycan olimpiadada neçə qızıl qazana bilər?

İllüstrasiya

►Azərbaycanın Rio Olimpiadasından medal gözləntiləri döyüş növlərindəndir

“Olimpiadaya gedən hər bir idmançı qızıl medal qazanmaq istəyir. Ancaq əyarın mənim üçün fərqi yoxdur. Əsas odur medalla qayıda bilim...”

Azərbaycanı bu ilki Rio Yay Olimpiya Oyunlarında təmsil edəcək cüdoçu Rüstəm Orucov ölkəyə medalla qayıtmaq arzusundadır. Rüstəmin 2012-ci ildə London olimpiadasında medal qazanmaq arzusu reallaşmayıb. Ancaq indi neçə vaxtdır var gücüylə hazırlaşır:

Sizin brauzer HTML5-i dəstəkləmir

Rüstəm Orucov: Olimpiadaya gedən hər bir idmançı qızıl medal qazanmaq istəyir. Ancaq əyarın mənim üçün fərqi yoxdur.

“Əsas olan yaxşı nəticə göstərməkdir. Ora boş-boşuna getmirik ki...”

Azərbaycanı 31-ci Yay Olimpiya Oyunlarında təmsil edəcək komanda Braziliyaya iyulun 19-da yola düşəcək. Bu dəfəki olimpiadaya komanda 18 idman növü üzrə 56 idmançı ilə yola düşəcək. Komandanın medal ümidləri yenə də, əvvəlki illərdə olduğu kimi, boksçular, güləşçilər, cüdoçular, taekvandoçularadırr.

“Gücümüzü göstərək”

Boksçu Elvin Məmişzadə də bundan əvvəl London olimpiadasında çıxış edib. O özünü də, digər cüdoçuları da medallara layiq bilir:

Sizin brauzer HTML5-i dəstəkləmir

Boksçu Elvin Məmişzadə: Medalla bağlı proqnoz vermək çətindir

“Hazırlaşmışıq. İdmançılarımız hamısı medal qazanmaq gücündədir. İndi gərək bu imkanları orda nümayiş etdirək”.

HƏR GÜN YENİ VİDEOLAR BURADA -

Yüngül atlet Nazim Babayev isə olimpiya oyunlarında ilk dəfə çıxış edəcək. O, hələ də hazırlıqlarını davam etdirir.

İyulun 18-də prezident İlham Əliyev Olimpiya Oyunlarında Azərbaycanı təmsil edəcək idmançıları qəbul edib. Prezident bildirib ki, idmançıların mənzil-məişət problemləri həll olunub, ölkədə idman infrastrukturları yaradılır. Prezident idmançılara qarşıdakı sınaqdan üzüağ çıxmağı arzulayıb.

“15-ə yaxın medal gözləyə bilərik”

İdman şərhçisi Sərxan Musayevin fikrincə, indiki heyət daha çox medal qazanmağa iddialıdır. Ancaq o, komandanın heyətinin yarısının legionerlərdən ibarət olmasını biabırçılıq sayır:

Sizin brauzer HTML5-i dəstəkləmir

Sərxan Musayev: Bu qədər legioner biabırçılıqdır

“Mənfi cəhət odur ki, komandamızın heyətindəki yerlilərlə legionerlərin sayı eynidir. Başqa ölkələrdə bu dərəcədə milliləşmə getmir. Özü də bu, ölkədə maliyyə problemlərinin olduğu bir vaxtda baş verir. Komandaya bu qədər əcnəbinin gətirilməsi, yerli idmançıların kənarda qalması məqsədəuyğun deyil. Bu, kənardan da ölkənin imicinə mənfi təsir göstərir. Komandadan gözləntilərə gəldikdə, ilk növbədə güləşdən 5-6 medal gözləmək olar. Boksda da titullu boksçularımız var. Cüdodan, taekvandodan da gözləntilər çoxdur. Ümumilikdə, 15-ə yaxın medal gözləyə bilərik. Əsas medalın sayı yox, əyarıdır. Bunlardan da minimum üçünün, dördünün qızıl olacağını düşünürəm”.

Əvvəlki illərdə Azərbaycan yığmasının əsas medal gözləntiləri həm də ağırlıqqaldırmadan olub. Azərbaycan ağırlıqqaldıranları dopinq testindən keçə bilmədiklərinə görəOlimpiya Oyunlarındakı bütün lisenziyaları ləğv edilib.

MOK: Legionerlər? …normaldır

Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə deyir ki, idman rəsmiləri bu ilki olimpiadadan azı ötən dəfəki uğurların təkrarlanacağını gözləyirlər. Vitse-prezident Azərbaycan komandasında əcnəbilərin olmasını isə qəbahət saymr:

Sizin brauzer HTML5-i dəstəkləmir

Çingiz Hüseynzadə: Ən azı ötən dəfəki qədər medalımız olacaq

“Bu dəfə medal gözləntilərimiz daha çoxdur. Ən azı, keçən nəticəni təkrar edəcəyik. Legionerlərə gəldikdə, bu, indi bütün dünyada belədir. Burda nə problem var ki? Bizdə demokratik ölkədir, başqa idmançılar gəlirlər, Azərbaycanın adından çıxış edirlər. Eyni zamanda, Azərbaycan idmançıları da başqa ölkələrdə çıxış edirlər. Bu, idmanda normal bir vəziyyətdir. ”

31-ci Yay Olimpiya Oyunları avqustun 5-dən 21-ə qədər davam edəcək.

2012-ci ildə London Olimpiadasına Azərbaycan 53 idmançıyla qatılmış, iki qızıl, iki gümüş, altı bürünc medal qazanılmışdı.