'Ombudsman hesabatlarında eyni məlumat toplusunu görürük'

Ombudsman Səbinə Əliyeva

Azərbaycan İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) illik hesabatı artıq Milli Məclisə təqdim edilib və parlamentin İnsan hüquqları komitəsində müzakirə edilib.

Qanunvericiliyə görə, hesabat ili (2022) bitdikdən sonra iki aydan gec olmayaraq Ombudsman illik məruzəni prezidentə təqdim edir və həmin məruzə ilə Milli Məclis qarşısında çıxış edir.

Hesabatdan…

Hesabatda bildirilir ki, il ərzində 201 başçəkmə həyata keçirilib. Bunlardan 82-si Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin tabeli müəssisələrinin, 36-sı Daxili İşlər Nazirliyinin müəssisələrinin payına düşür: "Başçəkmələr zamanı 2 min 25 şəxslə konfidensial görüş keçirilib. Onlardan 36-sı Beynəlxalq Qırmızı Xaç Komitəsi tərəfindən Ombudsmana görüş xahişi ilə bağlı ünvanlanan məktubda adları qeyd edilən şəxslər olub. Həmin şəxslərin hüquqlarının təmini vəziyyəti öyrənilib, müraciətləri dinlənilib, bir çox məsələlər yerində həll edilib, digər hallarla bağlı aidiyyəti dövlət qurumlarına müraciətlər edilib".

F.Mustafa

"Problemlərin düzəldilməsi istiqamətində addım atmırlar"

Milli Məclisin İnsan hüquqları komitəsinin üzvü Fazil Mustafa isə "Turan"a deyib ki, problem çox olduğundan hamısını bir məruzədə əhatə etmək çətindir: "Ombudsman olmasın, başqa qurum olsun. Çünki kütləvi şəkildə bir sıra qanunların işləməsi mexanizmində problemlər yaranır və bir çox qurumlarda bunun həyata keçirilməsi, yaxud da onun düzəldilməsi istiqamətində addım atmırlar".

Komitə üzvü qeyd edib ki, buna görə də məruzə bilavasitə real vəziyyəti tam mənada əks etdirmir: "Xüsusilə də istehlakçıların hüquqlarını pozan elementlər var. Həm tibb müəssisələrində, həm digər iaşə sektorunda işçilərin hüquqlarının pozulması ilə bağlı xeyli problemlər var. Qadın hüquqlarından tutmuş, təhsil hüququna və azadlıq hüququna qədər bir çox məsələlərdə müəyyən dərəcədə düzəlmə imkanı olduğu halda, bu edilmir. Geniş islahatlar aparılmalıdır ki, həmin sahələrdə nöqsanlar qaldırılsın".

B.Süleymanlı

"Qanunlar kifayət qədər məhdudlaşdırıcıdır, amma…"

Vətəndaş Hüquqları İnstitutunun sədri Bəşir Süleymanlı isə AzadlıqRadiosuna bildirib ki, həmin məruzələr sadəcə formallıqdır: "Ombudsmanın əvvəlki illərdə verilən hesabatlarda biz təxminən eyni məlumat toplusunu görürük. Yəni, burada əsas insan hüquq və azadlıqlarını əhatə edəcək problemlərin qaldırılması ilə bağlı biz nüanslara rast gəlmirik və ya bu istiqamətdə qanunvericilik bazasının təkmilləşməsinə ehtiyacların qiymətləndirilməsi ilə bağlı heç bir məlumat olmur".

Hüquq müdafiəçisinin sözlərinə görə, Ombudsman aparatı tam müstəqil, hökumətin nəzarəti altında olmayan bir institut kimi formalaşmalıdır: "Onun hesabatları həm insan hüquqlarını ehtiva edən qanunvericiliklə bağlı problemləri aşkara çıxarmaq, həm də fundamental insan haqlarına aid problemləri dilə gətirmək kimi məsələlər üzərində qurulmalıdır. Amma, təəssüf ki, biz bunları görmürük. Məsələn, "Media haqqında", "Siyasi partiyalar haqqında" və digər qanunlar kifayət qədər məhdudlaşdırıcıdır, amma Ombudsman Aparatının bununla bağlı heç bir reaksiyası yoxdur".

Sizin brauzer HTML5-i dəstəkləmir

Sosial şəbəkədə Əliyevə olan şikayətlər

Əvvəlki illərdə də hüquq müdafiəçilərinin Ombudsmanın illik hesabatları ilə bağlı tənqidləri eşidilib. Xüsusilə də tənqidlərdə hesabatda təcridxanalarda konkret işgəncə hallarına toxunulmaması geniş yer alıb. Amma Ombudsman Aparatı tənqidləri, bir qayda olaraq, əsaslı saymayıb.

Xatırlatma

Azərbaycanda Ombudsman Aparatı 2002-ci ildən fəaliyyət göstərir. Bu quruma 17 il Elmira Süleymanova rəhbərlik edib. 2019-cu ildən onu Səbinə Əliyeva əvəz edir. O, Milli Məclisin Regional məsələlər üzrə iş komitəsinin sədri, hakim Yeni Azərbaycan Partiyasının (YAP) təmsilçilərindən Siyavuş Novruzovun həyat yoldaşıdır.