Ombudsman Mehman Hüseynovla bağlı müraciət göndərib

Sizin brauzer HTML5-i dəstəkləmir

Mehman Hüseynov xəstəxanada olub, həkimlər xəsarətlərin yüngül olmadığını deyiblər

Təqribən bir ay əvvəl, noyabrın 29-da Azərbaycanda yeni Ombudsman seçilib. 2002-ci ildən İnsan hüquqları üzrə müvəkkil (ombudsman) seçilən Elmira Süleymanovanı 17 ildən sonra bu vəzifədə Səbinə Əliyeva əvəz edib.

Aradan keçən bu 17 ildə bəzi hüquq müdafiəçiləri zaman-zaman vurğulayıblar ki, Ombudsman Aparatı bir dəfə olsun belə polis və cəzaçəkmə müəssisələrində işgəncə olduğunu bəyan etməyib. Həmin hüquq müdafiəçiləri hesab edirlər ki, Aparat belə şikayətlərin araşdırılmasına lazımı səy göstərməyib. Hərçənd, E.Süleymanova və Aparat işçiləri tənqidləri düzgün saymırdılar.

Üstəlik, ölkənin hüquq-mühafizə orqanları da, bir qayda olaraq, polis və cəzaçəkmə müəssisələrində işgəncələrə yol verilməsi haqqında iddiaları əsaslı saymayıblar.

Prokurorluğa şikayət hazırlanır

Yeri gəlmişkən, bloqer Mehman Hüseynov da bu günlər bildirib ki, 6 polis əməkdaşı dekabrın 27-də Bakının Fəvvarələr meydanında onu saxlayıb, döyüblər, sonra da paytaxtdan uzaq bir ərazidə buraxıblar.

Sizin brauzer HTML5-i dəstəkləmir

Mehman Hüseynov seçki saxtakarlığını üzə çıxardığını deyir

Daxili İşlər Nazirliyinin ictimaiyyətlə əlaqələr şöbəsindən isə bloqerin saxlanmasını təsdiq etsələr də, onu polislərin döymədiyini bildiriblər.

Şöbənin rəhbəri Ehsan Zahidov vurğulayıb ki, M.Hüseynov şəhərin mərkəzində icazəsiz aksiyaya cəhd edib.

M.Hüseynov isə dekabrın 28-də 1 saylı Kliniki Tibbi Mərkəzdən (Semaşko) tibbi arayış alıb. Bloqerin sözlərinə görə, rəydə onun ayaqlarında və boynunda xəsarət aldığı təsdiqlənib.

M.Hüseynov son olaylarla bağlı Ombudsman Aparatına müraciət etmədiyini bildirib: «Ombudsmana müraciət etməmişəm. Prokurorluğa şikayət isə vəkilim tərəfindən hazırlanır. Yaxın zamanda biz onu təqdim edəcəyik».

«Bizə cavab gələn kimi…»

Ombudsman Aparatından isə «Turan» agentliyinə bildirilib ki, qurum əvvəlki kimi, indi da bütün müraciətlərə operativ reaksiya verir.

Aparatdan vurğulayıblar ki, bu məsələ ilə bağlı məlumatları araşdırırlar: «Biz dərhal məsələ ilə məşğul olduq, aidiyyəti qurumlara müraciətlər göndərdik. Bizə cavab gələn kimi, ictimaiyyətə məlumat veriləcək».

E.Quliyev

Repressiya və İşgəncələr Əleyhinə Komitəsinin üzvü Eldəniz Quliyev isə AzadlıqRadiosuna deyib ki, hələlik, ölkə ombudsmanının fəaliyyətində heç bir dəyişiklik hiss olunmur: «Məşhur bir məsəl var: hər gedən bizdən gedir, bir gələn bizə gəlmir. Son bir il ərzində mən 6-7 cəzaçəkmə müəssisələrində olmuşam, məhbuslarla görüşmüşəm. çoxu qan ağlayır, Ombudsman haqqında heç xəbərləri belə yoxdur».

E.Quliyev daha sonra da deyib: «Ombudsman qabaqda olmalıdır, gözləməməlidir ki, şikayətlər gəlsin. Onun işi budur. Hər hüquq pozuntusu olanda Ombudsman SOS siqnalı verməlidir, aktiv olmalıdır, hüquqi yardım göstərməlidir…».