Ombudsman məruzəsi qəbul edilib

S.Əliyeva

Bugün, aprelin 24-də Azərbaycanın İnsan hüquqları üzrə müvəkkilinin (Ombudsmanın) illik (2019-cu il) məruzəsi təqdim edilib.

Ombudsman Səbinə Əliyeva deyib ki, ötən il insan hüquqlarının etibarlı və səmərəli müdafiəsi baxımından uğurlu olub. S.Əliyeva qeyd edib ki, Ombudsmana daxil olan müraciətlərə baxılıb, cavablandırılıb.

Ombudsman vurğulayıb ki, pulsuz dərman siyahıları yenidən nəzərdən keçirilməlidir. S.Əliyeva habelə, Bakıda sənədsiz evlər, o cümlədən, yeni tikilən binalarda kommunal xidmətlərdə bağlı məsələlərə də toxunub. "Hər hansı tikilinin qanunsuz olması yalnız məhkəmə qərarı ilə müəyyənləşə bilər", - o vurğulayıb.

O, habelə, məruzəsində uşağa qulluq edən ananın hüquqlarından bəhs edib. S.Əliyeva qeyd edib ki, uşağa qulluq edən ananın məzuniyyət müddətini seçmək hüququna malik olması zəruridir. Ombudsman bununla bağlı Əmək Məcəlləsinə əlavələrin olunmasını təklif edib.

Müzakirələrdən sonra məruzə səsverməyə çıxarılaraq qəbul edilib.

Xatırlatma

Səbinə Əliyeva 2019-cu ilin noyabrında bu vəzifəyə seçilib. O, 17 il Ombudsman vəzifəsində çalışan 82-yaşlı Elmira Süleymanovanı əvəz edib. Halbuki, E.Süleymanovanın Ombudsman kimi səlahiyyət müddət hələ 2017-ci ildə bitmişdi.

Azərbaycan ilk Ombudsmanı olan E.Süleymanova bu vəzifəyə 2002-ci il iyulun 2-də seçilmişdi.

Azərbaycanda Ombudsman Aparatının fəaliyyətinə birmənalı münasibət yoxdur. Bəzi hüquq müdafiəçiləri hesab edir ki, bu qurum cəzaçəkmə müəssisələri və təcridxanalarda baş verən işgəncə hallarını pisləmək əvəzinə, hakimiyyətin maraqlarını müdafiə edir. Hərçənd, bu qurumun təmsilçiləri belə fikirləri qəbul etmirlər. Üstəlik, rəsmilər də ölkədə işgəncələrlə bağlı şikayətləri, bir qayda olaraq, əsassız sayırlar.