İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva Penitensiar Xidmətin İstintaq Təcridxanasında Azərbaycanın işğaldan azad edilmiş ərazilərinə Ermənistanın yerləşdirdiyi bildirilən və saxlanaraq istintaqa təhvil verilən hərbi qulluqçulara baş çəkib.
Bu barədə Ombudsman Aparatı məlumat yayıb.
Məlumatda qeyd olunur ki, həmin şəxslər Azərbaycan, Rusiya və Ermənistanın dövlət başçılarının 2020-ci il 10 noyabrda imzaladıqları üçtərəfli bəyanat əsasında hərbi əməliyyatların dayandırılmasından 1 ay sonra saxlanıb. Bildirildiyinə görə, onlar dörd Azərbaycan hərbçisinin qətlə yetirilməsi, bir mülki şəxsin ağır yaralanması ilə nəticələnən cinayət və terror aktlarının qarşısı alınarkən həbs olunublar.
"Başçəkmə zamanı Ombudsman həmin şəxslərlə təkbətək görüşərək onların hüquqlarının təmini vəziyyətini araşdırıb...", - məlumatda yazılıb. Açıqlamaya görə, Ombudsman fərdi qaydada həmin şəxslərin müraciətlərini dinləyib, onlara öz dillərində qanunvericilik aktları təqdim edilməklə hüquqları izah olunub.
Azərbaycanın rəsmi qurumlarının açıqlamasına görə, bu şəxslərin sayı əvvəlcə 60-dan çox olub. Onlardan yalnız üçü bu ayın əvvəlində ittiham edilmədən geri qaytarılıb.
Ermənistanın rəsmi qurumları onları hərbi əsr adlandırır və hamısının geri qaytarılmasını tələb edir. Azərbaycan isə bu şəxsləri təxribat qrupunun üzvləri sayır və bildirir ki, onlar 10 noyabr razilığından sonra saxlandıqlarından hərbi əsir sayılmırlar.
Xatırlatma
Ötən il 44 günlük müharibə və sonrakı razılaşma nəticəsində Azərbaycan Qarabağın bir hissəsini və ətraf 7 rayonu işğaldan azad edib. 10 noyabr razılaşmasına (Azərbaycan, Ermənistan və Rusiya rəhbərləri arasında) əsasən, döyüşlər dayandırılıb, Laçın dəhlizində və qoşunların təmas xəttində Rusiya sülhməramlıları yerləşdirilib.
Qarabağ münaqişəsi Ermənistanın Azərbaycana ərazi iddiaları ilə 1988-ci ildə başlayıb. 1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu işğal edilmişdi.