OPEC+ oktyabr hasilatını cüzi azaldır

Arxiv fotosu

Birləşmiş Ştatlar ABŞ və Avropada inflyasiyaya səbəb olan enerji qiymətlərinin salınmasından ötrü OPEC+-a hasilatı artırmaq üçün təzyiq göstərib

Neft İxrac Edən Ölkələr Təşkilatı (OPEC) və müttəfiqləri neft qiymətlərindəki enişi dayandırmaq məqsədi ilə oktyabrda neft hasilatını kiçik həcmdə azaltmaq barədə razılığa gəlib.

Sentyabrın 5-də yayılan bəyanatda bildirilir ki, OPEC+ ölkələri, o cümlədən Rusiya hasilatı sutkada 100 min barel azaldacaq.

Qərar qlobal tələbatın cəmi 0,1 %-ni təşkil etsə də, son bir ildə olan OPEC+un hasilatda ilk ixtisarıdır. 23 ölkənin koalisiyası COVID-19 pandemiyasının neft qiymətlərinə zərbə vurduğu 2020-ci ildə hasilatda böyük ixtisarlara getmişdi.

Ötən il bazarın düzəlməsi fonunda OPEC+ yenidən hasilatı cüzi artırmağa başlayıb. Rusiyanın Ukraynanı işğal etməsindən sonra bir barrelin qiyməti 140 dollara çatıb, lakin Qərbdə iqtisadi yavaşlama və tənəzzül qorxusu fonunda iyunda bir barrelə 95 dollara düşüb.

Buna da bax: Neft niyə ucuzlaşır?


İran amili

Əgər 2015-ci il nüvə sazişinin bərpası ilə bağlı razılıq əldə olunarsa və sanksiyalar yumşaldılırsa, İrandan tədarükün artması gözlənir. İranın geniş bazara mümkün qayıdışının da neft qiymətlərinin düşməsində payı var.

OPEC+ iclasından sonra verdiyi açıqlamada İranın neft naziri Cavad Ovci bildirib ki, mövcud bazar şərtləri nəzərə alınmalıdır və neft alyansı çərçivəsində əməkdaşlıq qlobal istehlakçılara kömək etməkdədir:

“Biz həmişə bəyan etmişik ki, neftin və neft məhsullarının tədarükünə və neftin siyasiləşdirilməsinə və enerjidən siyasi istifadəyə yol verməməklə dünyada enerji təhlükəsizliyinin yaxşılaşdırılmasına töhfə verməyə hazırıq”.

Buna da bax: Lukoil sədrinin müəmmalı ölümü

ABŞ-ın təzyiqi

Birləşmiş Ştatlar ABŞ və Avropada inflyasiyaya səbəb olan enerji qiymətlərinin salınmasından ötrü OPEC+-a hasilatı artırmaq üçün təzyiq göstərib.

“ABŞ prezidenti Co Bayden enerji təchizatını artırmaq və qiymətləri aşağı salmaq üçün gərəkən bütün addımları atmağa qərarlıdır”, – Ağ Ev bildirib.

Ağ Evin sözçüsü Karin Jan-Pierrenin açıqlamasına görə, Bayden "aydın şəkildə bildirib ki, enerji təchizatı iqtisadi artımı dəstəkləyəcək tələbata cavab verməli, amerikalı, eləcə də digər istehlakçılar üçün qiymətləri salmalıdır”.

Jan-Pierre deyib ki, Rusiya Prezidenti Vladimir Putin hücumlarına görə cəzalandırılıb, Rusiya neftinə qiymət həddi üzərində müttəfiqlərlə iş aparılıb.

Buna da bax: Türkiyə həm də SOCAR vasitəsilə Rusiyadan neftin idxalını artırıb

Qiymət həddi

Böyük Yeddilik Qrupu (G7) ölkələri ötən həftə Moskvanın Ukraynadakı müharibəni maliyyələşdirməsini cilovlamaq məqsədilə Rusiya nefti üçün maksimum qiymət təyin etməklə bağlı razılığa gəlib.

Kremlin sözçüsü Dmitri Peskov bildirib ki, G7 dövlətləri belə bir qiymət həddi tətbiq edərsə, Rusiya buna cavab verəcək. Hələ ki, limit müəyyən edilməyib və onun qlobal qiymətə təsiri qeyri-müəyyən olaraq qalır.

İlin sonuna qüvvəyə minəcək Aİ sanksiyaları da neftin qiymətinə təsir edə bilər. Sanksiyaların məqsədi Rusiyanın neft idxalının əksər hissəsini əngəlləməkdir.

Fevralın sonunda Ukraynaya hücuma başlayan Rusiya Qərbin sərt sanksiyaları ilə üzləşib.