'Sözün həqiqi mənasında, postneft dövrü başlanır'

İlham Əliyev hələ Azərbaycanın baş naziri olarkən, 2003-cü il

Iqtisadi eksperti Vüqar Bayramovun fikrincə, neft qiymətlərinin yaxın zamanlarda kəskin artacağına inanmaq və ya bunu proqnozlaşdırmaq sadəlövhlükdür.

Energetika naziri Natiq Əliyev oktyabrın 29-da Vyanada Neft İxrac edən Ölkələr Təşkilatına (ingiliscə qısaltması - OPEC) üzv və qeyri-OPEC ölkələrinin Əlcəzair sazişinin gerçəkləşdirilməsi üzrə Ali Komitənin toplantısına qatılacaq. Toplantıya Azərbaycanla yanaşı, neft çıxaran qeyri-OPEC dövlətlərindən Rusiya, Qazaxıstan, Bəhreyn, Boliviya, Braziliya, Bruney, Kanada, Misir, Kolumbiya, Norveç, Malayziya, Oman, Meksika, Trinidad və Tobaqo da dəvət edilib. Gündəlikdə dünya neft bazarının qısamüddətli inkişafı ilə əlaqədar təqdimat və müzakirələr, OPEC qərarının icrasına qeyri-üzv ölkələrin qoşulması ilə bağlı neft istehsal edən OPEC ölkələri və üzv olmayan dövlətlərin nümayəndələri ilə müzakirələr, eləcə də məsləhətləşmələr var.

Buna da bax:​ İlham Əliyev: 'Neft ixrac edən ölkələr böyük itki ilə üzləşirlər'

Rəsmi Bakı mövqeyini müəyyənləşdirib

Energetika naziri Natiq Əliyev görüşdən bəhs edərək bildirib ki, Azərbaycan dünyanın neft bazarının tənzimlənməsi, sabitləşdirilməsi və neftin qiymətinin yüksəlməsi üçün irəli sürülən təşəbbüsə qoşulur və razılaşma əldə olunmasına öz töhfəsini verməyə hazırdır.

Natiq Əliyev onu da əlavə edib ki, Azərbaycanın öz neft hasilatını və ixracını artırmayacağı ilə bağlı mövqeyi toplantı çərçivəsində nəzərdə tutulan ayrı-ayrı görüşlərdə bir daha səsləndiriləcək.

Sentyabrın 28-də Əlcəzairdə keçirilən qeyri-formal görüşdə OPEC üzvləri gündəlik neft hasilatını 32,5-33 milyon barrel səviyyəsində dondurmağı razılaşdırıb. Yekun qərarın noyabrın 30-da - Vyanada keçiriləcək rəsmi görüşdə veriləcəyi gözlənilir.

Neftdən asılı ölkə kimi, Azərbaycan üçün Vyanada alınacaq qərarın önəmi böyükdür. Ancaq indi əsas məsələ qərar qəbul edildiyi halda, bunun neftin qiymətinə təsir göstərib-göstərməyəcəyidir.

Buna da bax:​ Tendersiz xərclənən milyardlar

Vüqar Bayramov

İqtisadçı ekspert Vüqar Bayramov AzadlıqRadiosu-na müsahibəsində gözlənilən OPEC qərarı və neftin qiyməti ilə bağlı baxışlarını paylaşıb.

– İndiki neft bazarında tələblə təklif arasında fərq haqqında nə söyləmək olar?

– Qlobal tələb-təkliflə bağlı statistika tarazlıqdan xəbər versə də, hələlik, bazarda dayanıqlılığın formalaşdığından danışmaq tezdir. Neftə gündəlik tələbat bu ilin üçüncü rübündə 96,99 milyon barrelə çatıb. Bu rəqəm ikinci rübdə 95,62; birinci rübdə isə 95,36 milyon barrel olub. Göründüyü kimi, neftə qlobal tələbat artmaqdadır. Beynəlxalq Enerji Akademiyası dördüncü rüb üçün 97,03 milyon barrel gündəlik tələb proqnozlaşdırır. Bu, son illərin ən yüksək tələb proqnozudur. Dünya bazarında neft təklifi isə azalmaqdadır. Ötən ilin son rübündə bazara hər gün 97,37 milyon barrel neft çıxaran enerji ölkələri “qara qızıl” ixracını ilin birinci rübündə 96,61; ikinci rübündə 95,93 milyon barrelədək azalıblar. Həmin rəqəmləri bu ilin ilk yarım ilinin nəticələri ilə müqayisə etsək, o zaman tələb və təklifin təxminən bərabərləşdiyini görərik. Əslində, neftin dünya bazar qiymətindəki mövsümi sabitlik də elə bazardakı mövcud tarazlıqla bağlıdır.

– Oktyabrın sonunda keçiriləcək OPEC toplantısı qiymətlərə necə təsir göstərə bilər?

– Əvvəla, qiymətin yaxın zamanlarda kəskin artacağına inanmaq və ya bunu proqnozlaşdırmaq sadəlövhlük olardı. Hələlik, dünya bazarında neftin qiymətini kəskin artıra biləcək iqtisadi amillər yoxdur. İkincisi, nə OPEC daxilində, nə də bu qurumdan kənarda neftin hasilatını azaltmaqla bağlı yekdillik yoxdur. Qlobal istehsalın təxminən 40 faizini təmin edən OPEC, ən yaxşı halda, hasilatı gündəlik 33 milyon barrel səviyyəsində dondura bilər. Bu, hasilatın azaldılması deyil, məhdudlaşdırılmasıdır. Deməli, ən yaxşı halda, gündəlik hasilatda 500 min-1 milyon barrel azalma olacaq. Üçüncüsü, OPEC-də ikinci ən böyük istehsalçı - İraq da daxil, bazardakı bir sıra digər oyunçular hasilatı azaltmaqla neft gəlirlərini minimumlaşdırmaq niyyətində deyillər.

Buna da bax:​ Netfin son qiymət artımına bel bağlamaq olarmı?

– Yeri gəlmişkən, gündəlik hasilatı 4,8 milyon barrelə çatdıran İraq istehsalı azaltmayacağını rəsmi bəyan edib...

– Elə neftin qiymətindəki son azalmaların əsas səbəbi də bu bəyanatdır. İraq dövlətin başlıca gəlirini azaldacaq addımlar atmaqda maraqlı deyil. Əksinə, burada İŞİD-lə mübarizə güclənərsə, rəsmi Bağdad dünya bazarına daha çox neft göndərə biləcək. İran sanksiyalardan əvvəlki gündəlik 4 milyon barrel hasilat səviyyəsinə qayıtmaqda israrlıdır. Bu isə cənub qonşumuzun gündəlik hasilatı daha 500 min barrel artıracağı anlamına gəlir. Deməli, yüksək qiymətlərə ümid bəsləməyən bir sıra OPEC ölkələri hasilatı azaltmaqla mövcud gəlir səviyyələrini aşağı salmaqda maraqlı deyillər.

Nəhayət, OPEC-in ən çox çəkindiyi şist nefti (shale oil) amili də gündəmdədir. Neftin barrelinin 60 dollara çatması şist nefti hasilatını daha rentabelli edə bilər ki, bu halda ABŞ və Kanada yenidən bazara daha çox “qara qızıl” göndərəcəklər. Bu isə qiymətlərin daha kəskin azalmasına səbəb ola bilər.

Buna da bax: ​Neft qiymətləri bu ölkəyə görə enir

– Əslində, indi bir barrel neftin qiyməti onun maya dəyərindən qat-qat çoxdur. Belə olan halda OPEC ölkələri mövcud qiymətdən razı qalmalıdırlar...

– Elədir, çünki dünya bazarında xərcindən 10 dəfə baha qiymətə satılan əmtəələrin sayı heç də çox deyil. Mövcud qiymətlər xərci, orta hesabla, 20 dollar olan və nefti bundan 2,5 dəfə baha qiymətə satan digər enerji dövlətlərini də, əslində, razı salmalıdır. Sadəcə, əksər neft ölkələrinin iqtisadiyyatları, yumşaq desək, yüksək neft qiymətlərinə öyrəncəli olduğundan, mövcud qiymətlər onlara cəlbedici və sərfəli görünmür. OPEC hansı qərara gəlsə də, enerji ölkələri neft gəlirlərinə baxış strategiyalarını mütləq dəyişməlidirlər. Artıq, sözün həqiqi mənasında, postneft dövrü başlanır. Bir başqa sözlə, neftsonrası dönəm başlanır.