Neft hasil edən iri ölkələr hasilatın tədrici artımını saxlamağa razılaşıblar. Vaşinqton və digər istehlakçı ölkələr isə artan qiymətləri cilovlamaqdan ötrü daha böyük artım üçün təzyiq göstərir.
OPEK+ qrupu, yəni, 13 üzv ölkə və onların 10 tərəfdaşı noyabrın 4-də iyuldakı qərarı bir daha təsdiqləyiblər, hasilatı tədricən, aybaay artıracaqlar.
Səudiyyə Ərəbistanı və Rusiyanın başçılıq etdiyi qrupu hasilatın hər gün 400 min barel artırılmasına razılaşıblar.
OPEK+ bir də dekabrın 2-də görüşəcək. Birləşmiş Ştatlar isə bu alyansın üzvü deyil.
Buna da bax: Artırılan aksiz dərəcələri yolda…Ağ ev narazıdır
Qrup bəyanatında bildirir ki, qərar “sabit və balanslı neft bazarı, istehlakçıların effektli və təhlükəsiz təchizatını təmin etmək üçün” verilib.
Ağ ev OPEK+un qərarından məyusluğunu bildirib, yanacağın bahalanmasının qlobal iqtisadi bərpaya təhlükə yaratdığını deyib.
“OPEK+ təchizat səviyyəsini özləri müəyyən edən ölkələr qrupudur. Onların hazırda hərəkətə keçmək, qlobal bərpanın xətər görməməsini təmin edəcək qabiliyyəti və gücü var”, – Ağ evin sözçüsü Karin Jan-Pyer deyib.
“OPEK+un hasilatı qlobal neft qiymətlərinə, bu da ölkədə qazın qiymətinə təsir göstərir”, – o, sözlərinə əlavə edib.
Buna da bax: Neft və qazın ən çox sərvət yaratdığı dörd ölkədən biri AzərbaycandırBəyanatdan sonra qiymət düşüb
Prezident Co Bayden deyib ki, Birləşmiş Ştatlar hər kəsin əlçatan enerjiyə çıxışını təmin etməkdən ötrü “gərəkən üsullardan istifadəyə hazırdır”, sözçü deyib.
Təhlilçilərin fikrincə, bu bəyanat ABŞ hökumətinin özünün neft ehtiyatı ilə bazarı doldurmaq niyyətini göstərir. Bu halda qiymətlər sürətlə enə bilər.
ABŞ-dan gələn açıqlamadan sonra Brent neftinin qiyməti 1.19 dollar ucuzlaşaraq 80.80 dollara, ABŞ xam neftinin qiyməti isə 1.64 dollar azalaraq 79.22 dollara düşüb. Oktyabrda neftin bareli 85 dollara qalxıb. Bu, son üç ildə ən yüksək hədd sayılırdı.
Hindistan və Yaponiya kimi iri neft istehlakçıları da qiymətlərin düşməsi üçün hasilatı artırmağa çağırıblar.
Sizin brauzer HTML5-i dəstəkləmir
“Düzgün olanı etdiyimizə inanırıq”
Ancaq Səudiyyənin Enerji naziri Şahzadə Əbdüləziz bin Salman jurnalistlərə deyib: “Biz düzgün olanı etdiyimizə inanırıq”.
Rusiya Baş nazirinin müavini Aleksandr Novakın sözlərinə görə, OPEK+ üzvləri “plyus və minusları” nəzərə alıb. Buraya qışda tələbin mövsümi azalması, COVID-19-un delta ştammının dünya iqtisadiyyatlarına təsiri daxildir.
“Oktyabrda Avropa Birliyində neftə tələbatın azalmasının əlamətləri var. Neftə qlobal tələbat hələ də delta ştammının təsiri altındadır”, – Novak deyib.
2020-ci ildə koronavirus pandemiyası tələbatı azaldanda qrup üzvləri hasilatı aşağı salıblar. Bu ildən qlobal iqtisadiyyat tədricən bərpa olunduqca hasilatdakı limit də qaldırılır.