Oqtay Gülalıyevlə bağlı ümidverici açıqlama var

Oqtay Gülalıyev (Foto arxivdəndir)

Hazırda Türkiyədə müalicə olunan hüquq müdafiəçisi Oqtay Gülalıyevin komadan ayılmasına şansın böyük olduğu deyilir.

Bu barədə AzadlıqRadiosuna Oqtay Gülalıyevin oğlu Təbriz Gülalıyev məlumat verib.

Onun sözlərinə görə, bu gün, dekabrın 19-da Oqtay Gülalıyevi müalicə aldığı "Amerika Xəstəxanası"nda həkim Bülent Kahyaoğlu müayinədən keçirib:

"Onun bildirdiklərinə görə, atamın komadan ayılma ehtimalı çoxdur. Bu gün, dekabrın 19-da atam sağ gözünü açmaq istəyib. Lakin baş nahiyyəsində zərbə ağır olduğuna görə və az da olsa şişkinlik qaldığı üçün zamana ehtiyac var".

Təbriz Gülalıyev həmçinin, bildirib ki, Heydər Əliyev Fondu hüquq müdafiəçisinin müalicəsinə ayırdığı yardımla bağlı rəyini 10 gündən bir verir:

"Müalicə üçün növbəti vəsaitin ayrılması ilə bağlı sabah, dekabrın 20-də bizə xəbər verməlidirlər".

Hüquq müdafiəçisinin Türkiyəyə aparılması va müalicəsi xərclərini, hələlik, Heydər Əliyev Fondu öz üzərinə götürüb.

Buna da bax: Xanımı: 'Oqtay artıq ətraf mühiti yaxşı duya bilir'

Xatırlatma

Bu il oktyabrın 29-da axşam saatlarında hüquq müdafiəçisi Oqtay Gülalıyevi Bakıda avtomobil vurub.

Şahidlərin sözlərinə və sosial şəbəkələrdə yayılan videogörüntülərə görə, hadisə Gülalıyev piyadalar üçün nəzərdə tutulan keçiddən keçərkən baş verib.

Məlumatlara görə, qəza baş verəndən sonra onu vuran avtomobilin sürücüsü özü Oqtay Gülalıyevi xəstəxanaya çatdırıb.

Gülalıyev əvvəlcə 1 saylı Təcili Tibbi Yardım Mərkəzinə yerləşdirilib. Sonradan “City Hospital” xəstəxanasına köçürülüb və oktyabrın 30-da orada əməliyyat olunub. Daha sonra isə yaxınları onu Neyrocərrahiyyə Klinikasına aparıblar.

Oqtay Gülalıyev noyabrın 6-da Bakıdan xüsusi ambulans təyyarəsi ilə Türkiyəyə aparılıb və İstanbul Avrasiya Xəstəxanasına yerləşdirilib. Daha sonra isə oradan İstanbuldakı Amerika Xəstəxanasına köçürülüb.

Noyabrın 20-də də Amerika Xəstəxanasında Oqtay Gülalıyevin beynində növbəti neyrocərrahiyyə əməliyyatı aparılıb.

Azərbaycan Daxili İşlər Nazirliyindən bildirilmişdi ki, faktla əlaqədar Nəsimi Rayon Polis İdarəsində Cinayət Məcəlləsinin 263.1-ci (Avtomobil, tramvay və… idarə edən şəxs tərəfindən yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır zərər vurulmasına səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb.

Oktyabrın 31-də də Bakı şəhər Baş Polis İdarəsinin və Bakı şəhər Prokurorluğunun mətbuat xidmətlərinin birgə açıqlamasında hadisənin qəsdən törədilməsinə dair fikirlərin əsassız olduğu iddia edilib.

Hadisəni törədən sürücü də Azadlıq Radiosuna bunun təsadüf olduğunu söyləyib.

Amma bəzi ictimai fəallar qəzanın qəsdən törədilmədiyi ilə bağlı deyilənlərə şübhə ilə yanaşırlar.

Oqtay Gülaliyev Repressiya və İşgəncələr Əleyhinə Komitənin koordinatorudur.

O, həmin gün, oktyabrın 29-da Repressiya və İşgəncələr Əleyhinə Komitənin “İşgəncələrə son qoyulsun!” adlı 10-günlük ictimai kampaniyaya start verdiyini açıqlamışdı.

Hakimiyyət rəsmiləri isə saxlanma yerləri və cəzaçəkmə müəssisələrində işgəncə olması ilə bağlı şikayətləri əsassız sayırlar.