Macarıstan Türkiyənin Suriyaya müdaxiləsini alqışlayıb

Viktor Orban

Macarıstanın baş naziri Viktor Orban Türkiyənin Suriyanın şimalına müdaxiləsini alqışlaylıb və deyib ki, bu, Avropaya gəlməyə can atan qaçqınların daha bir dalğasının qarşısını alacaq.

İfrat sağçı və antimühacir baş nazir oktyabrın 25-də bildirib ki, Avropa İttifaqı Türkiyəyə Suriyanın şimalında, onun nəzarətində olan bölgələrdə infrastruktur yaratması üçün maliyyə dəstəyi verməlidir.

Orban Macarıstanın ictimai radiosuna deyib ki, bu müdaxilə olmasaydı “3 milyondan çox miqrant” Türkiyəni tərk edər və Balkan marşrutu ilə Avropaya üz tutardı.

"Yüz min qaçqın Türkiyədən Yunanıstana, oradan Balkanlara keçər, Balkanlardan isə Macarıstan və ya Xorvatiya sərhədinə çatardı”.

Ankara Suriyanın şimal-şərqinə hərbi müdaxiləsinə oktyabrın 9-da başlayıb.

Bu hücumdan məqsəd ABŞ-a müttəfiq kürd qüvvələrinin Türkiyə ilə həmsərhəd bölgədən çıxarılması idi.

Türkiyə kürd qüvvələrindən “təmizlənmiş” bu ərazidə “təhlükəsiz zona” yaratmağı və hazırda öz ərazisində olan 3, 6 milyon Suriya qaçqınının bir hissəsini orada məskunlaşdırmağı planlaşdırır.

Türkiyənin terrorçu hesab etdiyi kürd qüvvələrinə qarşı hücumu prezident Donald Trump-ın Suriyadakı ABŞ qoşunlarını oradan çxıarmaq qərarından sonra başlanıb.

Bu arada Rusiya və Türkiyə kürd qüvvələrinin tərk etdiyi ərazilərdə birgə hərbi patrul keşiyi çəkməyə razılaşıblar.

Türkiyə bu müdaxiləyə görə NATO müdafiə nazirlərinin oktyabrın 24-də Brüsseldə keçirilən görüşündə kəskin tənqid olunub.

ABŞ müdafiə naziri Mark Esper Türkiyənin müdaxiləsini “özbaşınalıq” adlandırıb.

Bundan əvvəl Türkiyə prezidenti Recep Tayyip Erdoğan Orbana ötən həftə Qazaxıstanda ona dəstək verdiyinə görə təşəkkür etmişdi.

Yaxın münasibətlərə malik bu iki lider noyabrın 7-də Budapeştdə görüşəcək.

Rusiya prezidenti Vladimir Putin Macarıstana gələn həftə səfər edəcək.