Hərbi hissədə 'ana söyüşü'nə görə güllələnmə

Avtomat

Bir müddət öncə Zaqataladakı hərbi hissələrdən birində əsgər güllələnmişdi. Hadisədən az sonra həmin hərbi hissənin başqa bir əsgəri həbs olundu. 20 yaşlı Həmzət Əzizov əsgər yoldaşı Natiq Əhmədovu öldürməyə cəhddə günahlandırılırdı. Qeyd edək ki, N. Əhmədovun həyatını xilas etmək mümkün olub.

İttihamda yazılıb ki, N.Əhmədov başqa bir əsgəri odun yığıb gətirməyə göndərib. Həmzət bunu Natiqə irad tutub, aralarında mübahisə düşüb. İddia olunur ki, mübahisə zamanı Həmzət Natiqi söyüb, o da eyni tərzdə cavab qaytarıb. H.Əzizov «ana söyüşü»nə görə onu öldürmək qərarına gəlib.

«Həmzət Əzizov həmin vaxt yeməkxananın divarına söykənmiş avtomatı götürüb, Natiq Əhmədovun ürək nahiyəsinə dirəyib. Natiq Əhmədov silahı özündən uzaqlaşdırmaq üçün lülə hissəsindən tutub geri itələmək istəyib. Bu zaman Həmzət Natiq Əhmədovu qəsdən öldürmək məqsədilə atəş açaraq onu çənəsindən vurub», – cinayət işinin materiallarında belə yazılıb.

Amma H.Əzizov ittihamda yazılanların yalan olduğunu bildirir. Deyir ki, onun Natiqi nə öldürmək, nə də xəsarət yetirmək niyyəti olub. Onun sözlərinə görə, hadisə günü yeməkxananın içində Natiqin üzü sobaya tərəf dayanıb, əlindəki avtomatın lüləsini çənəsinə dirədiyini görüb:

«Bu zaman ondan nə etdiyini soruşmaq istədim. Sözümü deməyə imkan tapmamış Natiq özünə atəş açdı. Natiqin qanı əynimdəki gödəkcənin üstünə sıçradı. Atəş açılandan sonra Natiq yerə yıxıldı. Mən şok vəziyyətinə düşdüm, köməyə adam çağırmaq üçün sığınacağa tərəf qaçdım».

Amma Gəncə Hərbi Məhkəməsi H.Əzizovun bu ifadəsinin yalan olduğu qənaətinə gəlib və ona 10 il həbs cəzası kəsib. Hökmdən narazı qalan Əzizov apellyasiya şikayəti verib.

Bu dəfə hadisə Gəncə Apellyasiya Məhkəməsində araşdırılıb. Zərərçəkmiş qismində tanınan əsgər N.Əhmədov deyib ki, Həmzətdən şikayətçi deyil. Zərərçəkmişin sözlərinə görə, qarşı tərəf üzr istəyib, o da onu bağışlayıb. Güllələnən əsgər məhkəmədən də H.Əzizovun bağışlanmasını istəyib.

Dekabrın 6-da Gəncə Apellyasiya Məhkəməsində Teyyub Muxtarovun sədrlik etdiyi hakimlər kollegiyası zərərçəkmişin şikayətçi olmadığını nəzərə alıb, H.Əzizovun cəzasını 9 ay azaldıb. Ona 9 il 3 ay cəza təyin edilib.