'Orduya dəstək' işində təqsirləndirilənlər yenə hakim önündə

Sizin brauzer HTML5-i dəstəkləmir

Bakıda orduya dəstək aksiyası

Bu gün, mayın 19-da Səbail rayon Məhkəməsində Azərbaycan ordusuna dəstək məqsədilə 2020-ci il iyulun 14-də keçirilən aksiya zamanı baş verən hadisələrlə bağlı təqsirləndirilənlərdən daha bir qrupunun məhkəməsi davam edib. Ümumilikdə bu işdə 36 nəfər mühakimə edilir və onların işinə üç ayrı-ayrı qrupda baxılır.

Proses iştirakçılarının AzadlıqRadiosuna verdiyi məlumata görə, hakim keçən iclasda müdafiəçilərin qaldırdığı vəsatəti təmin edərək üç əlavə şahidi məhkəməyə çağırıb. Onlar həmin hadisələrə görə 1 sutka həbs cəzası alıblar.

Proses iştirakçılarının qeyd etməsinə görə, həmin şahidlərin üçündən ikisi məhkəməyə gəlib və deyiblər ki, onlar mitinq zamanı kiminsə adamları zorakılığa çağırmasının, hər hansı zorakılıq halının şahidi olmayıblar.

"Ümumiyyətlə, ittiham tərəfində kiminsə polis maşınlarına xəsarət yetirməsini görməsi barədə fakt yoxdur. Təkcə iki-üç nəfərin Milli Məclisin daxilində avadanlığı qırmasına aid faktları var", - proses iştirakçılarından biri vurğulayıb.

Verilən məlumata görə, şahidlər dinləndikdən sonra iclas bu günlük başa çatıb.

Bu qrupda mühakimə edilənlərdən dördü Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) Rəyasət Heyətinin üzvləri (Bəxtiyar İmanov, Məhəmməd İbrahimli, Ayaz Məhərrəmli, Fuad Qəhrəmanlı), qalan səkkiz nəfər isə başqa vətəndaşlardır.

Xatırlatma

2020-ci il Ermənistanla Tovuz istiqamətində döyüşlərdən sonra iyulun 14-də Bakda orduya dəstək yürüşü keçirilib və orada olaylar yaşanıb. Baş Prokurorluq və Daxili İşlər Nazirliyinin birgə açıqlamasında yürüş zamanı polis əməkdaşlarına xəsarət yetirildiyi, xidməti avtomobillərin aşırıldığı, Milli Məclisə ziyan dəydiyi qeyd olunub. Bu cinayət işi üzrə həbs olunanlara özgə əmlakına ziyan vurma, hakimiyyət nümayəndəsinə qarşı zor tətbiq etmə, ictimai asayişin pozulması ittihamları irəli sürülüb. AXCP-nin iki aparıcı üzvü – Məmməd İbrahim və Fuad Qəhrəmanlıya isə əlavə həm də hakimiyyəti zorla ələ keçirməyə cəhd ittihamı verilib. İstintaqın sonunda hakimiyyəti zorla ələ keçirməyə cəhd ittihamı hər ikisindən götürülüb. Əvəzində təqsirləndirilən şəxslərin hamısına Cinayət Məcəlləsinin 127-ci (qəsdən bədənə az ağır xəsarət yetirmə) maddəsi ilə yeni ittiham irəli sürülüb. Bu maddələrdə 7 ilə qədər azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulub. Bu iş üzrə 2020-ci ilin iyulunda həbs olunan 36 nəfər noyabr-dekabr aylarında ev dustaqlığına buraxılıb. Onlardan bir çoxu, o cümlədən AXCP üzvləri ittihamları qəbul etmirlər.