Orta Asiya liderlərinin ordenli övladları

Serdar Berdymukhammedov

Türkmənistan prezidenti Gurbanguly Berdymukhammedov oğlu Serdar-ı vətən qarşısında xidmətlərinə görə «Malikguly Berdymukhammedov» ordeni ilə təltif edib. Bu mükafat prezidentin daxili işlər orqanlarında çalışan 85 yaşlı atasının şərəfinə təsis edilib.

Oktyabrın 27-də Türkmənistanın müstəqillik günü münasibətilə ölkənin güc strukturları əməkdaşlarına «Malikguly Berdymukhammedov» medalları paylanıb. Təltif olunanlar arasında Gurbanguly Berdymukhammedov-un oğlu, mayor Serdar Berdymukhammedov da var. Ona həm də podpolkovnik rütbəsi verilib.

OĞLUNA ATASININ ADINA OLAN MEDALI VERİB

Son bir il ərzində Serdar Berdymukhammedov-un siyasi fəallığı gözəçarpan dərəcədə artıb. Hətta onun gələcəkdə atasının yerini tutmaq üçün hazırlandığı barədə söz-söhbət var. Bir il öncə Serdar Berdymukhammedov parlamentin deputatı olub. Dövlət KİV-ləri Serdar-ın ölkənin nüfuzlu şəxsləri ilə görüşlərini geniş işıqlandırır.

Serdar Rusiya XİN-nin Diplomatik Akademiyasında oxuyub. Təhsilini bitirdikdən sonra Türkmənistan prezidenti yanında karbohidrat yataqlarının idarə və istifadə edilməsi üzrə dövlət agentliyinin rəhbərliyində çalışıb. Sonradan Ahal vilayəti prokurorunun köməkçisi və XİN-də departament rəhbəri olub.

85 yaşlı Malikguly Berdymukhammedov-un şərəfinə medal bu ilin avqustunda təsis edilib. Serdar-ın babası müəllim, islah-əmək müəssisələri şöbəsinin rəisi olub. Onun adı Türkmənistanda Izqant kənd mədəniyyət evinə və Aşqabadda bir hərbi hissəyə verilib. Hərbi hissədə prezidentin atasının büstü də qoyulub.

Serdar Berdymukhammedov Orta Asiyada dövlət mükafatına layiq görülmüş ilk prezident övladı deyil.

Emomali Rahmon qızını ordenlə təltif edir

TACİKİSTAN

Tacikistan prezidenti Emomali Rahmon 2015-ci ildə qızı Ozoda Rahmon-u ölkənin müstəqilliyinin 24-cü ildönümü münasibətilə «Şərəf» ordeni ilə təltif edib. O zaman Ozoda Rahmon xarici işlər nazirinin müavini idi. Hazırda o, prezident administrasiyasına rəhbərlik edir.

Rahmon ailəsinin üzvləri Tacikistanda yüksək dövlət vəzifələri tutur və ölkədə iri biznesə nəzarət edirlər. Prezidentin kürəkəni, Ozoda ilə evli olan Jamoliddin Nuraliev Milli Bankın sədrinin birinci müavinidir. Böyük oğlu Rustam Emomali isə Düşənbənin meridir. Prezidentin digər qızı Ruhshona Rahmonova Tacikistanın XİN strukturunda çalışır. Başqa bir qızı Zarina Rahmon-sa bu yay doğma dayısı, işadamı Hasan Asadullozoda-nin rəhbərlik etdiyi «Oriyonbank»ın direktor müavini təyin edilib.

NAZARBAEV-LƏR

Qazaxıstan prezidentinin iki qızı - Darigha NazarbaevaDinara Kulibaeva «Parasat» ordeninə layiq görülüblər. Prezidentin ortancıl qızı Dinara Kulibaeva-nın əri Timur Kulibaev 2014-cü ildə I dərəcəli «Barıs» ordeni, 2001-ci ildə isə «Kurmet» ordeni ilə təltif edilib.

Nursultan Nazarbaev və qızı Darigha Nazarbaeva

Prezidentin böyük qızı, hazırda parlamentin yuxarı palatasının deputatı olan Darigha Nazarbaeva da «Parasat» ordenindən başqa, həm də «Kurmet» və II dərəcəli «Barıs» ordenləri alıb. O, çox sayda medallara da layiq görülüb.

Darigha Nazarbaeva-nın keçmiş əri, mərhum Rakhat Aliev-ə də orden və medallar verilmişdi. Ancaq 2008-ci ildə cinayət törətməkdə suçlanaraq 20 il həbs cəzasına məhkum edildikdən sonra prezidentin göstərişi ilə onu orden və medallarını aldılar.

NƏ VAXTSA QAZAXISTANDA TƏBƏSSÜM DOĞURAN...

«Tacikistan, Türkmənistan kimi ölkələrdə əvvəllər Şərq despotluqları hökm sürüb. Ona görə də burada rəhbərlərin uşaqlarının layiq olmadıqları mükafatlarla təltif halları ola bilər. Məncə, Qazaxıstanda belə hallar olmayıb. Qazaxlar öz xanlarını seçə və kənarlaşdıra bilirdilər...», – politoloq Azimbay Ghali deyir.

Qazaxıstanlı politoloq Rasul Zhumaly hesab edir ki, rəhbərlərin öz uşaqlarına dövlət mükafatları verməsi şəxsiyyətə pərəstiş elementlərinin təzahüründən başqa bir şey deyil.

«Orta Asiya regionunda 1990-cı illərdə Stalin zamanındakına bənzər şəxsiyyətə pərəstişi dirildən Türkmənistan bu işin «pioneri» olub. 1990-cı illərdə Türkmənistanın birinci prezidenti Saparmurat Niyazov aylara öz qohum-əqrəbasının adlarını verirdi, özünə heykəllər qoydururdu və bu, Qazaxıstanda təbəssüm doğururdu. Ancaq zaman keçdikcə, bunun ayrı-ayrı elementləri Qazaxıstanda da peyda olur. Belə xəbərlər Qazaxıstanı... demokratik dövlət kimi görmək istəyənləri sevindirmir», – politoloq deyir.

Ekspert hesab edir ki, baş verənlərə görə məsuliyyət təkcə rəhbərlər və onların ətrafının yox, həm də susqunluğu ilə şəxsiyyətə pərəstişin kök atmasına imkan verən cəmiyyətin üzərinə düşür.