Anası : ‘Rəis müavini dedi ki, Orxan Baxışlı ‘karsa’ salınıb’

Orxan Baxışlının anası Kəmalə Rəhimova, 18 sentyabr 2018

10 saylı Cəzaçəkmə Müəssisəsində cəza çəkən Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) üzvü Orxan Baxışlının cərimə kamerasına salındığı bildirilir.

Bu barədə AzadliqRadiosuna Orxan Baxışlının anası Kəmalə Rəhimova məlumat verib.

Kəmalə Rəhimova deyir ki, martın 30-da 10 saylı Cəzaçəkmə Müəssisəsində saxlanan oğluyla görüşmək istəyib:

“Amma rəis müavini dedi ki, Orxan Baxışlı 15 sutka “kars”a ( cərimə kamerası-red) salınıb, görüş alınmayacaq. Səbəb guya Orxan telefonla danışmaq istəyərkən bir məhbusla mübahisə edib. Ancaq mən inanmıram, çünki 5 gün əvvəl Orxan evə zəng edəndə demişdi ki, təmir işləri aparıldığından bundan sonra telefonla əlaqə saxlamaq asanlaşacaq. Necə ola bilər ki, onu indi cəzalandırsınlar? ”.

Kəmalə Rəhimlinin sözlərinə görə, Orxan Baxışlının vəkili Elçin Sadıqovla əlaqə saxlayıb:

“Vəkil dedi ki, gələn həftə oğlumla görüşəcək, o zaman daha dəqiq məlumat alacaq”.

Kəmalə Rəhimova qeyd edir ki, aprel ayında Ali Məhkəmə Orxan Baxışlının kassasiya şikayətinə baxmalıdır:

"Yəqin bu “kars” işi də məqsədli edilib ki, onun cəzasını azaltmasınlar"

Bu açıqlamaya, hələlik, Penitensiar Xidmətdən münasibət almaq mümkün olmayıb. Amma bu qurumdan bir qayda olaraq bildirirlər ki, cəzaçəkmə müəssisələrində məhbuslarla yalnız qanun çərçivəsində davranılır.
Xatırlatma
AXCP Gənclər Komitəsinin üzvü O.Baxışlı ötən il mayın 6-da saxlanıb. Onun üzərindən 6 qram heroin tapıldığı iddia olunur.

Orxan Baxışlı 2018-ci il sentyabrın 18-də 6 il azadlıqdan məhrum edilib.

Gənc fəal ittihamı rədd edir, narkotikin cibinə polislər tərəfindən atıldığını deyir.

AXCP-dən isə bildirilib ki, O.Baxışlı həbsindən bir neçə gün öncə - mayın 3-də Beynəlxalq Söz Azadlığını Müdafiə Günündə mərhum jurnalist Elmar Hüseynovun məzarı önündə etdiyi çıxışa görə cəzalandırılıb. Həmin çıxışda gənc fəal E.Hüseynovun qətlində hakimiyyəti günahlandırmışdı.

Rəsmilər isə dəfələrlə bəyan ediblər ki, Elmar Hüseynovun qətlində günahkar olan şəxslərin tapılmasında maraqlıdırlar. Onlar bu qətlə görə, hakimiyyətin günahlandırılmasını əsassız sayırlar.

Elmar Hüseynov 2005-ci ildə qətlə yetirilib.Qatil və ya qatillər, hələ də tapılmayıblar.