Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) üzvü Orxan Baxışlının 20 sutka həbs edildiyi bildirilir.
Bu barədə AzadlıqRadiosuna partiyadan məlumat verilib. AXCP-dən deyilib ki, O.Baxışlını oktyabrın 16-da Bakıda axşam saatlarında evinin yaxınlığında mülki geyimli şəxslər saxlayıb: "Orxan bəy 26-cı polis bölməsinə aparılıb. Onun barəsində İnzibati Xətalar Məcəlləsinin 510-cu (xırda xuliqanlıq) maddəsi ilə protokol tərtib olunub".
Partiyadan əlavə olunub ki, fəal bu gün, oktyabrın 17-də Xətai rayon Məhkəməsinin qərarı ilə 20 sutka müddətinə həbs olunub.
AXCP-dən qeyd olunub ki, gənc fəala qarşı ittihamlar saxtadır və onun siyasi fəaliyyəti, sosial şəbəkələrdə hakimiyyəti tənqid etməsi ilə bağlıdır.
Bu deyilənlərə Xətai rayon Məhkəməsi və Daxili İşlər Nazirliyindən münasibət öyrənmək mümkün olmayıb.
O.Baxışlı bundan əvvəl də həm inzibati, həm də cinayət məsuliyyətinə cəlb edilib. O, 2018-ci ilin mayında həbs olunmuşdu. Ona qarşı Cinayət Məcəlləsinin 234.4.3 (satış məqsədilə külli miqdarda narkotik əldə etmə, saxlama) maddəsi ilə ittiham irəli sürülüb. Orxan Baxışlı 6 il azadlıqdan məhrum edilib. Sonradan Ali Məhkəmə satış məqsədini ittihamdan xaric edib, maddəni 234.1-ə tövsif edərək cəzanı da 3 ilə endirib.
O.Baxışlı 2021-ci ilin martında prezidentin imzaladığı əfv sərəncamı ilə azadlığa buraxılıb.
Yerli hüquq-müdafiə təşkilatları onu siyasi məhbus sayırdılar. Amma rəsmilər ölkədə siyasi məhbusların olması ilə bağlı fikirləri qəbul etmirlər.