Orxan Baxışlıya 30 sutka verilib

Orxan Baxışlı

Orxan Baxışlıya 30 sutka inzibati həbs verilib. Bu barədə "Turan"a Daxili İşlər Nazirliyindən (DİN) bildirilib.

Nazirlikdən qeyd edilib ki, o, İnzibati Xətalar Məcəlləsinin 535.1-ci (Polis işçisinin və ya hərbi qulluqçunun qanuni tələbinə qəsdən tabe olmama) maddəsi ilə günahlandırılıb.

İşin detallarını isə, hələlik, öyrənmək mümkün olmayıb.

Orxan Baxışlı saxlanıb

Müxalifətdə olan Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) üzvü Orxan Baxışlı bu gün, fevralın 2-də saxlanıb.

Fəalın anası Kəmalə Rəhimli AzadlıqRadiosuna bildirib ki, oğlu səhər işə getmək üçün evdən çıxıb, amma bundan sonra ondan hər hansı xəbər almaq mümkün olmayıb: "İşə gəlib çıxmayıb, telefonuna da zəng çatmır. Ola bilsin ki, saxlanılıb. Dünən Bəxtiyar Hacıyevin məhkəməsində müsahibə verərkən onu qıraqdan polis əməkdaşı çəkirdi".

Daxili İşlər Nazirliyi (DİN) Mətbuat xidmətinin şöbə rəisi Elşad Hacıyev də "Turan"a bildirib ki, Baxışlı saxlanılıb, araşdırma aparılır. Amma nazirlik əməkdaşı saxlanmanın səbəbini izah etməyib.

AXCP Gənclər Komitəsinin üzvü O.Baxışlı 2018-ci il mayın 6-da da saxlanmışdı. O, Cinayət Məcəlləsinin 234.4.3 (satış məqsədilə külli miqdarda narkotik əldə etmə, saxlama) maddəsi ilə 6 il azadlıqdan məhrum edilmişdi. Sonradan Ali Məhkəmə satış məqsədini ittihamdan xaric edib, maddəni 234.1-ə tövsif edərək cəzanı da 3 ilə endirmişdi. Baxışlı həbsini siyasi sayır və bunu fəaliyyəti ilə əlaqələndirirdi. O, 2021-ci ilin martında prezidentin əfv sərəncamı ilə azadlığa çıxıb.

Xatırlatma

Harvard Universitetinin məzunu olan ictimai fəal Bəxtiyar Hacıyev ötən il dekabrın 9-da Xətai Rayon Məhkəməsinin qərarı ilə 1 ay 20 gün həbs edib. Sonra həbs müddəti artırılıb. O, xuliqanlıq və məhkəməyə hörmətsizlikdə ittiham olunur. İnsident daha öncə böhtan iddiası ilə bağlı fəala qarşı açılmış cinayət işi üzrə məhkəmədə baş verib. Hacıyev də həbsini siyasi sayır. O, 2011-ci ilin martında da həbs edilmişdi. Ona hərbi xidmətdən yayınma ittihamı ilə 2 il müddətinə azadlıqdan məhrumetmə cəzası verilmişdi. Hacıyev 2012-ci ildə Ali Məhkəmənin qərarı ilə vaxtından əvvəl şərti azadlığa çıxıb. O, son illər hökumətin və hüquq-mühafizə orqanlarının fəaliyyəti ilə bağlı sərt tənqidləri ilə seçilirdi.