Orxan Pamukun 'Turuncu' fotoromanı çıxıb

O.Pamuk

Türk yazıçısı, Nobel mükafatı laureatı Orxan Pamukun yeni romanı işıq üzü görüb. Budəfəki roman digərlərinə bənzəmir. "Turuncu" (Narincı) adlanan yeni kitab fotoromandır.

Fotoromanda müəllifin öz obyektivindən çəkdiyi İstanbul fotoları və onlarla bağlı düşüncələri əks olunub.

Türkiyənin "Yapı Kredi" nəşriyyatının çap etdiyi "Turuncu"da İstanbulun gecələrini və küçələrini də görmək olar, insanlarını da. Fotolar müəllifin qeydləri ilə müşayiət olunur.

"Balkon"dan sonra "Turuncu"

Daha öncə "Yapı Kredi" nəşriyyatı O.Pamukun evinin eyvanından çəkdiyi fotoşəkillərə həsr olunmuş sərgi təşkil etmişdi. Bu il fevralın 6-dan aprelin 27-dək "Orhan Pamuk – Balkon Fotoğraflar" adı ilə keçirilən sərgidə yazıçının 600-dən çox fotosu göstərilmişdi.

Buna da bax: Orxan Pamuk koronavirus qorxusundan danışır

190-səhifəlik "Turuncu" fotoromanında İstanbulun 350-dək gecə mənzərəsi yer alıb. Kitabın "Orange" adlanan beynəlxalq nəşri Almaniyanın "Steidl" nəşriyyatında çapdan çıxıb.

O.Pamukun bundan əvvəlki fotoalbomu "Balkon" adlanırdı. Bu albomda yazıçının iş otağının eyvanından İstanbul mənzərələrinə, səma, dəniz, gəmilər və bu mənzərələrin dəyişməsinə fokuslanan fotoları dərc edilmişdi. "Turuncu" romanında isə daha çox İstanbul gecələrini görürük.

"Ən təhlükəli məhəllələrinə gedirdim"

"Qoruyucu ilə gəzməli olmağım İstanbulla əlaqəmi tamam dəyişmişdi. Artıq hər yerə keçə bilirdim. …Başıma uzun kənarlı bir rəngsaz panaması keçirib İstanbulun ən ucqar, ən uzaq küçələrinə, ən təhlükəli məhəllələrinə gedirdim, heç kim də məni tanımır və dayandıra bilmirdi. Qısa müddət sonra bu ucqar məhəllələrdə rəqəmli "Leica" aparatımla foto çəkməyə başladım. Bütün şəhəri görüntüləyə biləcəyim, qorumam varkən heç kimin mənə qarışmayacağı bu yeni durum mənə çox cəlbedici gəlirdi. 2008 – 2014-cü illər arasında yoxsul məhəllələrdə, küçə satıcıları arasında keçən bir roman yazdığım üçün Tarlabaşı, Kasımpaşa, Feriköy kimi yerlərdə gecələri foto çəkərək çox gəzmişəm", –O.Pamuk "Turuncu" fotoromanında yazır.

Buna da bax: Orxan Pamuk: ''Əvvəlkilər daha yaxşı aşiq olurdular' deyiminə inanmıram'

Maraqlıdır ki, O.Pamuk eyni zamanda həm də fotoqraf kimi tanınan ilk yazıçı deyil. Lüis Kerroll, Corc Bernard Şou, Avqust Strindberq, Cek London, Uelti Yudora, Rayt Morris və Allen Qinzberq də fotoqrafiyaya maraqları ilə seçilirmiş. Onların arasında bu işə ən çox həvəs göstərən və ən maraqlı fotolarla yadda qalan Cek London olub. Yazıçı 1900 – 1916-cı illər arasında 12 mindən çox foto çəkib. Onun fotoları Londonun yoxsul məhəllələrini, rus-yapon müharibəsini, Sakit okeanın cənubunu, Meksika inqilabını əks etdirir. Özü san-fransiskolu olan yazıçı doğma şəhərinin yaxınlığında baş vermiş ağır zəlzələnin nəticələrini də çəkib.

O.Pamuk qaranlıq düşəndə flüoresent lampaların tədricən çoxaldığını, sarı işığınsa get-gedə geri çəkildiyini müşahidə edib və bundan ilhamlanıb. Kitabın adı da buradan gəlir.

Rənglərə sadiqlik

Maraqlıdır ki, Pamukun fotoları onun romanları ilə əlaqəlidir. Bu əlaqələrdən biri səthi olsa da, göz önündədir. Yazıçının romanlarının adlarında rənglərə rast gəlirik: "Bəyaz qəsr" (1990), "Qara kitab" (1994), "Mənim adım Qırmızı" (2001), "Qırmızı saçlı qadın" (2017). Yazıçının publisistik kitablarından biri isə "Digər rənglər" (2007) adlanır.

Buna da bax: Pamuk: 'Bugün bədbin olmayana maşallah olsun'

Ancaq kitabdakı fotolar gecə çəkilmiş olsa da, kifayət qədər rənglidir. Pamuk bu baxımdan da rənglərə marağına sadiq qalıb.

Digər əlaqə isə İstanbuldur. Məlumdur ki, İstanbul daim Pamukun əsas mövzusu olub. Dikkens üçün London, Coys üçün Dublin nədirsə, Pamuk üçün İstanbul odur.

"Turuncu"dakı fotolar həm də İstanbulun verdiyi saysız-hesabsız imkanları əks etdirir. O kişi niyə dar küçənin ortasında stulda oturub? Stulun ağ olması fotoya daha çox müəmma və vizual cazibə qatır. Səkidə üzü ona tərəf qoyulmuş stul nə üçündür? Hər bir fotoda sanki başlanmasını gözləyən hekayə var. Pamuk bu hekayələri yazmaq əvəzinə, bu dəfə onların şəklini çəkib.