9-cu və 11-ci siniflərin şagirdləri arasında oxuyub-yazmaqda çətinlik çəkənlər və ya, ümumiyyətlə, oxuyub-yazmağı bacarmayanlar aşkar olunub.
Bu barədə "Abituriyent" jurnalının 12-ci buraxılışında məlumat verilib.
Bildirilir ki, 11-ci sinif şagirdləri arasında iki belə şagird var, 9-cu sinif şagirdləri arasında isə belə şagirdlərin sayı 34 nəfərdir.
9-cu siniflər üzrə oxumağı və yazmağı bacarmayan şagirdlərin sayı belədir: Bərdə rayonunda dörd nəfər, Bakı şəhərində üç nəfər, Goranboyda üç nəfər, Gədəbəy, Göygöl, Lənkəran, Lerik, Sabirabad, Şəki və Yardımlı rayonlarının hərəsində iki nəfər, Ağdaş, Ağsu, Astara, İsmayıllı, Kəlbəcər, Masallı, Oğuz, Qazax, Salyan və Şəmkir rayonlarının hərəsində bir nəfər.
11-ci siniflər üzrə belə hallara yalnız Gəncə şəhərində və Kəlbəcər rayonundan olan şagirdlər arasında rast gəlinib.