Özbəkistan Müsəlmanları İdarəsi imamların sosial şəbəkələrdə çıxışlarını məhdudlaşdırıb. Bu, bəzi imamların internetdə mübahisəli çıxışları fonunda baş verib.
Mayın 27-də Özbəkistan məscidlərinin bütün imamlarına sosial şəbəkələrə girməmək və postları "layk" etməmək barədə xəbərdarlıq olunub.
Daşkənd şəhərinin baş imamının köməkçisi Erqaş Rüstəmovun Telegram vasitəsilə rayonların baş imamlarına göndərdiyi audiomüraciətdə sosial şəbəkələrdəki çıxışlara ciddi nəzarət olunduğu bildirilir: "Salam, əziz rayon imamları. Növbəti işimiz sosial şəbəkələrə girməməkdir. Biz buna ciddi nəzarət edəcəyik. Bu, Həcc ziyarətinə gedənlərə də aiddir... Ayrıca, sosial şəbəkədə hər hansı bir mövzunu "like" edə bilməzsiniz...".
İmamlar dini qurumun qərarını fəaliyyətlərinə dövlət nəzarətinin gücləndirilməsi kimi şərh ediblər.
Təhlükəsizlik səbəbi ilə adının çəkilməsini istəməyən Daşkənd imamı deyib ki, imamların internetdə çıxışının məhdudlaşdırılması vicdan azadlığı haqqında qanuna ziddir: "Deyirlər ki, bu, müftinin göstərişidir. Bizim əl-ayağımızı bağlayırlar".
Son zamanlar bir sıra imamlar, dini idarənin fikrincə, öz mənəvi statuslarına uyğun gəlmədiyi üçün vəzifələrindən uzaqlaşdırılıb.
Bundan əvvəl bildirilirdi ki, Özbəkistanda məscid imamları və imam müavinlərindən xarici pasportlarını Ruhani İdarənin yerli nümayəndələrinə təhvil vermələri istənilib. Səbəb imamların xaricə səfərlərinin qarşısını almaqdır.
"Son günlər imamlar çox güclü təzyiq altındadır, buna görə də hakimiyyət bəzi imamların sadəcə olaraq ölkəni tərk edəcəklərindən ehtiyat edir", – AzadlıqRadiosunun özbək xidmətinin həmsöhbətlərindən biri deyib.
Özbəkistan Dini İşlər Komitəsinin 2021-ci il avqustun 1-nə olan məlumatına görə, ölkədə 16 konfessiyaya mənsub 2 min 285 dini qurum fəaliyyət göstərir. Bunlardan 2 min 98-i İslam təşkilatlarıdır.
Özbəkistan Konstitusiyasına görə, din dövlətdən ayrıdır. Dini qurumların və konfessiyaların fəaliyyəti "Vicdan azadlığı və dini qurumlar haqqında" qanun ilə tənzimlənir.