Özbəkistanda prezident seçilir-yenilənir

Özbəkistan, Səmərqənd şəhərində seçki məntəqəsi

Oktyabrın 24-də Özbəkistanda prezident seçkiləri keçirilir. Prezident yeri uğrunda mübarizə aparanlardan bir də indiki dövlət başçısıdır.

Özbəkistanın Mərkəzi Seçki Komissiyası prezident seçkilərinin baş tutduğunu bildirir. Rəsmi məlumatlara görə, saat 13:00-a qədər seçici fəallığı 33%-i ötüb. Ümumilikdə respublikada 19,86 milyona yaxın seçici qeydə alınıb.

***

Özbəkistanda prezident seçkiləri keçirilir. AzadlıqRadiosunun özbək xidmətinin məlumatına görə, prezidentlik uğrunda beş nəfər mübarizə aparır: Narzulla Oblomurad (Ekologiya partiyası), Baxrom Abduxalimov ("Ədalət" partiyası), indiki ölkə başçısı Şavkat Mirziyayev (Özbəkistan Liberal Demokrat Partiyası ), Maksuda Varisova (Özbəkistan Xalq Demokratik partiyası) və Alişir Kadırov (“Milli bərpa” partiyası).

Qazeta.uz xəbər verir ki, hazırkı dövlət başçısı, Özbəkistan Liberal Demokrat Partiyasından (UzLiDep) prezidentliyə namizəd Şavkat Mirziyayev Daşkəndin Mirzo-Uluqbek rayonundakı 59-cu seçki məntəqəsində səs verib.

Şavkat Mirziyoyev ailə üzvləri ilə səsvermədə, 24 oktyabr 2021

Seçki günündə foto çəkmək qadağası

Sayt dərhal da əlavə edir ki, paytaxtın bəzi seçki məntəqələrində fotoqrafların gəlişindən heç də məmnun deyillər. Beləki Özbəkistanın Mərkəzi Seçki Komissiyası (MSK) oktyabrın 24-də keçiriləcək prezident seçkiləri zamanı bülletenlərin şəklini çəkməyin və sosial şəbəkələrdə şəkillərin yerləşdirilməsini qəti qadağan etdiyini açıqlayıb.

MSK -nın rəsmi açıqlamasına görə, bülletenlərin fotosunun çəkilməsi gizli səsvermə prinsipinin pozulması deməkdir. Bununla bağlı bütün seçki məntəqələrində səsvermə kabinələrində çəkilişi qadağan edən plakatlar asılır.

Bundan başqa 357-ci məntəqədə bir neçə pasportla səs vermək istəyənlərin olduğu müşahidə olunub. Amma məntəqə nümayəndələri buna imkan verməyiblər.

Bugünkü seçkilər, Özbəkistan SSR-də 1990-cı ildə keçirilmiş dolayı prezident seçkilərindən başqa, ölkə tarixində altıncı birbaşa prezident seçkisi hesab olunur.

Seçkiləri 971 beynəlxalq müşahidəçinin izlədiyi bildirilir. Bundan başqa siyasi partiya nümayəndəsi və müstəqil müşahidəçi olmaqla 63 mindən çox adam qeydiyyata alınıb.