Özbəkistanda qanunsuz qızılaxtaranlar uçqun altında qalıb

Özbəkistanda qanunsuz qızıl çıxarılması geniş yayılıb (Foto arxivdəndir)

Yanvarın 18-də Özbəkistanın cənub-şərqindəki Səmərqənd regionunda yerləşən istifadəsiz mədəndə baş vermiş uçqun nəticəsində bir nəfərin öldüyü və onlarca qanunsuz qızılaxtaranın ilişib qaldığı xəbər verilir.

Navoi adına dövlət mədən və metallurgiyə kombinatının balansında olan mədəndə uçqunun yanvarın 16-da baş verdiyi və 30-dək qızılaxtaranın uçqundan salamat çıxa bildiyi bildirilib.

Bununla yanaşı polis daha 20-dək qızılaxtaranın ağzı uçqunla bağlanmış şaxtada qaldığı barədə məlumat verib.

Hadisənin baş verdiyi Paxtaçi rayonundan adının çəkilməsini istəməyən bir rəsmi yanvarın 18-də AzadlıqRadiosuna deyib ki, yerli sakinlər şaxtada qalanları özləri çıxarmağa çalışıblar və polisə xəbər verməyiblər.

Rəsmi deyib ki, “qanunsuz qızılaxtaranların qohumları belə hallarda rəsmi orqanlara müraciət etməkdən qorxurlar, çünki köhnə mədəndən qızıl çıxarmaq qadağandır”.

Həmin rəsminin verdiyi məlumata görə rayon əhalisinin yarısı qanunsuz qızıl çıxarmaqla məşğuldur.

Navoi adına mədən-metallurgiya kombinatı Özbəkistanın ən böyük mədənçilik şirkətlərindən və dünyanın ən böyük uran və qızıl hasilatçılarından biridir.