Rektor özbəkcəni bilməyənləri 'ya işğalçı, ya idiot' adlandırdı. Moskva qəzəbləndi

Şerzodxan Kudratxoca

Özbəkistan Jurnalistika və Kütləvi Kommunikasiyalar Universitetinin rektoru və milli media assosiasiyasının sədri Şerzadxon Kudratxoca jurnalist və bloger Kirill Altmana müsahibəsində deyib ki, ölkənin Özbək dilini bilməyən sakinləri “ya idiotdurlar, ya da işğalçı”.

Bunun ardınca Özbəkistanın Moskvadakı səfiri Botirjon Asadov dərhal Rusiya XİN-ə dəvət olunub.

Altman Kudratxocayevdən Daşkənddə bir rus qadından onunla özbəkcə danışmasını istəməsi ilə bağlı yaranmış qalmaqalla əlaqədar sual vermişdi.

AzadlıqRadiosunun Özbək xidməti yazır ki, bu hadisə 2018-ci ildə baş vermişdi və o vaxt rusdilli fəallar rektoru “millətçilikdə” ittiham etmişdilər.

Kudratxoca özünü haqlı saydığını deyib:

“Xüsuslə də indi bu məşhur Prilepinlərin, Zalepinlərin və Smolinlərin dediklərindən sonra anlayıram ki, mən haqlı olmuşam. Əvvəlcə mənim üçün ağır idi. Çünki bu mənim həyatımda ilk ciddi hayp idi”.

Buna da bax: Rusiyalı miqrantların kütləvi köçü səhnədə...

40-60 ildə Özbək dilini niyə öyrənməyiblər?

Alim deyib ki, o vaxt ictimai rəy haçalanmışdı. Bəziləri onu dəstəkləyir və deyirdilər: “Biz niyə özümüzü indiyədək müstəmləkə kimi dərk edirik. Biz müstəmləkə deyilik, müstəqil ölkəyik. Biz öz dilimizdə danışırıq”.

Şerzodxon Kudratxoca vurğulayıb ki, o rusofob deyil və ruslara münasibəti çox yaxşıdır.

O 1966-cı il zəlzələsindən sonra Özbəkistanın köməyinə gələnlərdən söz açıb:

"O vaxt çoxlu məhkum gəlmişdi. O vaxt SSRİ çox işləri məhkumların əli ilə görürdü: Belomorkanal, başqa tikintilər... Daşkəndə adamlar Belarusdan, Ukraynadan, Rusiyadan gəlmişdilər. Çoxu məhkumlar idi. Çoxları elə burda da qaldı. Amma bizim dilimizi 40-60 il ərzində öyrənmədilər. Karl Marks deyib ki, hər halda bu sözləri ona aid edirlər, ölkənin dilini iki cür insanlar bilmir: ya onu işğal edənlər, ya da idiotlar. Yəni düşünə, fikirləşib yaza bilməyən adamlar. İndi qoy seçimi özləri etsinlər: işğalçıdırlar, yoxsa idiot?”

AzadlıqRadiosu yazır ki, “Provereno” faktyoxlama layihəsi Karl Marksın bütün əsərlərini, həm SSRİ-də, həm də alman dilində çıxan nəşrlətini təhqiq edib. Marksın əsərlərində belə bir kəlam tapılmayıb.

Buna da bax: Fevralın 15-dən Latviyada Rusiya nömrəli maşınlar müsadirə olunacaq

Rusiyanın sərt reaksiyası

Rusiya XİN bəyan edib ki, Kudratxoca ölkənin özbəkcə bilməyən sakinlərini “son dərəcə təhqiramiz və qətiyyən qəbuledilməz” şəkildə səciyyələndirib:

"Belə remarkların məzmunu və tonu Rusiya və Özbəkistan arasında dərinləşdirilmiş strateji partnyorluqla ziddiyyət təşkil edir”.

Rusiya XİN hesab edir ki, "Özbəkistan XİN yaxın müddətdə sözü gedən yüksək vəzifəli xadimin xoşagəlməz şərhlərini prinsipial şəkildə qiymətləndirən rəsmi bəyantla çıxış etməlidir”.

Rusiyanın Rossotrudniçestvo dövlət agentliyinin başçısı Yevgeni Primakov deyib ki, onlar Kudratxocanın başçılıq etdiyi strukturlarla bütün əlaqələrini “səmimi və birmənalı üzrxahlıq edilənədək” müvəqqəti olaraq dayandırıblar.

AzadlıqRadiosunun Özbək xidməti xatırladır ki, bəzi Rusiya propaqandaçılarının Özbəkistana qarşı şərhlərindən sonra bir sira Özbəkistan ictimai fəalları ölkə XİN-nini “arzuolunmaz şəxslərin” siyahısını tərtib etməyə çağırıblar. Lakin Özbəkistan hakimiyyəti bu çağırışlara reaksiya verməmişdi.