Daşkənd 'Taliban'ın sərhəddə musiqini yasaqlamağı tələb etdiyini yalanlayır

Termez Beynəlxalq Ticarət Mərkəzinin açılışı

Özbəkistan Xarici İşlər Nazirliyi (XİN) Əfqanıstanla sərhəddə yerləşən ticarət mərkəzində konsertlər və musiqili tədbirlərin ləğvi barədə "Taliban" hökumətinin sorğu göndərməsi haqda xəbərləri təkzib edib.

Həmin məlumat oktyabrın 14-də Əfqanıstanın "Atlaspress" media resursunda çıxandan sonra nazirlik bəyanatı yayıb. Məlumata görə, "Taliban" Özbəkistan hökumətinə sorğu göndərib ki, Termez Beynəlxalq Ticarət Mərkəzində musiqi ifaları dayandırılsın.

Məlumatda iddia edilir ki, sorğuya müsbət cavab verilməsə, Əfqanıstan vətəndaşlarının adıçəkilən ticarət mərkəzinə ziyarəti yasaqlana bilər.

"Taliban" İslam hüququnu özünəməxsus şəkildə yozur. Onlar musiqiyə, ictimai musiqi çıxışlarına qarşıdırlar, bunu dini prinsiplərinə zidd sayırlar. 2021-ci ilin avqustunda Əfqanıstanda hakimiyyəti tam ələ keçirən "Taliban" ötən il ölkədə 20 mindən çox musiqi alətini məhv etdiyini açıqlayıb.

Özbəkistan XİN heç bir sorğu almaması haqda oktyabrın 15-də gazeta.uz-a aydınlıq gətirib.

"Termez Beynəlxalq Ticarət Mərkəzində musiqili tədbir və ya konsertlərin ləğvi ilə bağlı Əfqanıstan tərəfindən heç bir rəsmi sorğu almamışıq", – nazirliyin mətbuat xidməti təsdiqləyib.

Avqustun sonu fəaliyyətə başlayan Termez Beynəlxalq Ticarət Mərkəzi azad ticarət zonasıdır. Burada Əfqanıstan vətəndaşları daxil, bütün ziyarətçilər 15 günədək viza tələbi olmadan müxtəlif pul vahidləri ilə ticarət edə bilər.

Əfqan mediasının iddialarına baxmayaraq, Özbəkistan hökuməti planlaşdırılan əyləncə və mədəni proqramlara heç bir fasilə vermədən mərkəzi adi qaydada işlətməyə davam edir.