Özbəkistanda keçmiş prezident Karimovun videosunu 'ekstremist material' elan ediblər

İslam Karimovu və “Ədalət” radikal islamçı hərəkatının lideri Tahir Yuldaşevi görüntüləyən videodan kadr

Özbəkistanda 1991-ci ildə ovaxtkı prezident İslam Karimovu və “Ədalət” radikal islamçı hərəkatının lideri Tahir Yuldaşevi görüntüləyən videonu “ekstremist material” elan ediblər. Video Namanqanda çəkilib.

Bu barədə xəbəri AzadlıqRadiosunun Özbək xidməti Sevara Şaydullayevanın işi üzrə ittihamnaməyə istinadla yayıb.

Şaydullayevanı ölkənin konstitusiya quruluşuna qəsddə ittiham edirlər. Buna səbəb onun sözü gedən videonu atasının telefonuna göndərməsi olub.

Xəbər verilir ki, məhkəmə-teoloji ekspertizasının nəticəsinə görə video “ekstremist materialdır” və ölkənin konstitusiya quruluşuna “qəsd ehtiva edir”.

Buna da bax: Türkmənistanda büdcə işçilərindən sosial şəbəkələrdəki hesablarını bağlamaları tələb olunur

“Əfsanəvi çəkiliş”

Burası da var ki, “Əfsanəvi çəkiliş: Tahir Yuldaş və İslam Karimov 1991-ci ildə Namanqanda” adlı video artıq on ildir YouTube platformasında yerləşdirilib və indiyədək bu videoya açıq giriş qalmaqdadır. Videoya indiyədək az qala 7 milyon baxış olub.

Videoda 1991-ci ilin dekabrında cərəyan etmiş hadisələr əks etdirilir.

O vaxt islamçı hərəkatın üzvləri Namanqan icra hakimiyyətini zəbt etmişdilər.

Onlar müsəlmanların ölkənin siyasi həyatında iştiraka buraxılmasını, cümə gününün istirahət günü elan edilməsini və Özbəkistanın İslam dövləti elan olunmasını tələb edirdilər.

Videoda onların qarşısında çıxış edən İslam Karimov bu tələblərə baxılacağını vəd edir.

Buna da bax: Xameneinin nümayəndəsi: 'Seçkidə əsas çoxluq - möminlərin çoxluğudur'

Yuldaşevin sonrakı taleyi

Tahir Yuldaşev sonralar “Özbəkistan İslam Hərəkatının” lideri olub. O 2009-cu ildə Əfqanıstanda öldürülüb.

2016-cı ilin sentyabrında onun adı məhkəmə qərarı ilə ekstremistlərin siyahısına daxil edilib.

İndi isə ekspertlər bildirirlər ki, Yuldaşevin çıxışlarını və onun özünü görüntüləyən bütün videolar ekstremist hesab olunur və onların nümayiş etdirilməsi Özbəkistanın konstitusiya quruluşuna qəsd sayılır.

İnsan haqları müdafiəçisi Abduraxman Taşanov hesab edir ki, 31 yaşlı Sevara Şaydullayevanın bu videoya görə cinayət təqibinə məruz qalması absurddur.

Ekspertin fikrincə, əgər bu videonun yayılması və ya ona baxılması ciddi cinayət hesab olunurdusa, dövlət bu barədə adamları xəbərdar etməli idi.