"Təcrübə göstərdi ki, Azərbaycanda özəlləşdirilmiş dövlət müəssisələrinin 55 faizi öz fəaliyyətini bərpa etməyib", - İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin rəisi Mətin Eynullayevin sözləridir.
Dövlət müəssisələrinin özəlləşdirilməsi bir çox ölkədə iqtisadi inkişaf baxımından yeni imkanlar açır. Planlı iqtisadiyyata əsaslanan Sovet İttifaqı dağılandan bəri Azərbaycanda da dövlət müəssisələrinin özəlləşdirilməsi məsələsi daim gündəmdədir. Axı uğurlu özəlləşdirmə fəaliyyətini dayandırmış müəssisələrin yenidən canlanması deməkdir. Bu, həm iş yerlərini sayca artırır, həm də büdcə gəlirlərini yüksəldir. Ancaq qeyd edilən açıqlamadan məlum olur ki, dövlətin özəlləşdirdiyi, azı, hər iki müəssisədən biri fəaliyyətini bərpa edə bilmir. Hökumət rəsmisinin fikrincə, bu uğursuzluq köhnəlmiş avadanlıq və texnologiyalardan itirilmiş əlaqələrdən qaynaqlanır.
Dövlət sektorunun iqtisadiyyatda payı
Azərbaycan iqtisadiyyatında dövlət sektorunun payca yetərincə yüksək olmasının göstəricilərindən biri muzdla çalışan işçilərin sektorlar üzrə bölgüsüdür. Sonuncu açıqlanan rəqəmlərə görə, ölkədə 1 milyon 734 min muzdlu işçi var. Onlardan 903 min nəfəri iqtisadiyyatın dövlət, 831 min nəfəri isə qeyri-dövlət sektorunda fəaliyyət göstərir. Başqa deyimlə, ölkədə əməkhaqqı alan işçilərin yarısından çoxu - 52 faizi dövlət sektorunda çalışmaqdadır.
Dünya Bankının hazırladığı memorandumda da bildirilir ki, dövlət müəssisələri Azərbaycan iqtisadiyyatında mühüm rol oynamağa davam edir. Bu müəssisələr büdcədən ciddi subsidiya alsa da, vergi və dividentlər baxımından büdcə gəlirlərinə çox az töhfə verir. Dövlət müəssisələrinə xas ayrıcalıqlar ona istər subsidiya, istərsə istehsal vasitələrinə imtiyazlı çıxış imkanı qazandırır. Buna əlverişli şərtlərlə kredit əlçatanlığı da daxildir. Dövlət müəssisələri istehsal, tikinti, telekommunikasiya və kənd təsərrüfatının elə bölmələrində mövcudluğunu qoruyur ki, gəlişmiş ölkələrdə belə bölümlərdə adətən özəl sektor hakimdir. Nəticədə dövlət müəssisələri özəl sektorun böyüməsini, bazara yeni rəqiblərin gəlişini əngəlləyir.
Buna da bax: SOCAR-ın borcu hökumətin borcundan çoxdurAzərbaycanda dövlət müəssisələrinin uğursuz iqtisadi fəaliyyətinin daha bir göstəricisi onların sayıdır. Ölkədə 5 minə yaxın belə müəssisə olsa da, onlardan yalnız 20-sinin dövlət maliyyəsinə ciddi təsiri var. Demək olar, bütün gəlirlər, dövlət investisiya layihələri və dövlət müəssisələrinin borcları həmin müəssisələrinin payına düşür. Portfeldə neft və qaz sektoru üstün yer tutur. Dövlət müəssisələrinə aid portfel üzrə ümumi aktiv və gəlirlərin, borc və məşğulluğun önəmli hissəsi (70 faizdən çoxu) SOCAR və onun tərkibindəki qurumların payına düşür. Yerdə qalan dövlət müəssisələri isə ölkənin iqtisadi sistemində heç bir mühüm rol oynamır.
Özəlləşdirməni necə effektiv etmək olar?
Qeyd edildi ki, dövlət müəssisələrinin özəlləşdirilməsinin uğurlu icrası işsizliyi azalda, büdcənin gəlirlərini artıra bilər. Hazırda özəlləşdirmənin qanqaraldıcı durumunun bir neçə səbəbi var. Bunlardan ilki ölkə iqtisadiyyatında rəqabət ortamının yetərsizliyidir. Bir çox sahədə iri şirkətlərin hegemon mövqeyi özəlliklə kiçik və orta sahibkarların rəqabət imkanını, az qala, sıfırlayır. Maliyyə resurslarına çıxış imkanı ilə bağlı problemlər də investorların öz ideyalarını gerçəkləşdirməsini çətinləşdirir. Bu baxımdan, ölkə iqtisadiyyatında hər kəsə eyni şərtlərin təmin edilməsi və rəqabət imkanlarının artırılması yeni müəssisələrin ayaqda qalması baxımından çox vacibdir.
Buna da bax: AZAL, ADA Universiteti... Subsidiya verilən qurumlar necə seçilir? (EKSPLEYNER)Özəlləşdirmənin effektivliyi digər amillərdən də asılıdır. Məsələn, Azərbaycanda qarşıya çıxan əsas əngəllərdən biri məmur sahibkarlığı və bundan törənən inhisarçılıqdır. Birinci özəlləşmə mərhələsi şəffaflıq prinsiplərinə cavab vermədiyindən Azərbaycanda əmlak bərabərsizliyi daha da artıb. Məmur sahibkarlığı ilə bağlı problemin aradan qaldırılması baxımından vacib olan addımlardan biri məmurların gəlir deklarasiyasını açıqlamasıdır. Azərbaycan dünyada gəlirlərin deklarasiya edilmədiyi azsaylı ölkələrdən biridir. Gəlir deklarasiyası haqqında qanunun qəbuluna hələ 2005-ci ildə təşəbbüs göstərilsə də, bu problem hələ də çözülməyib.
İqtisadi şəffaflığın artırılması baxımından Azərbaycanda tətbiqinə ehtiyac duyulan daha bir fəaliyyət istiqaməti benefisiar sahiblikdir. Benefisiar sahiblik – bir və ya bir neçə nəfərin hər hansı şirkətin faktik, yaxud dolayı sahibi olması, yaxud şirkətin formal sahiblərinə nəzarət imkanına malik olması, həmin şirkətin maliyyə və qeyri-maliyyə aktivlərindən birbaşa və ya dolayı yolla bəhrələnməsi deməkdir. Benefisiar sahiblik məlumatlarının açıqlığı hökumətlərə vergidən yayınma, korrupsiya, çirkli pulların yuyulması kimi sahələrdə effektiv mübarizə aparmağa əlavə imkanlar yaradır. 2016-cı ildə keçirilən referendumla mülkiyyət sahibləri və dövlət şirkətlərinin fəaliyyətindən faydalananlara dair bilgilərə çıxış imkanları məhdudlaşdırılıb və belə bilgilərə çatım daha da çətinləşdirilib. Bu üzdən, ölkədə əlverişli özəlləşdirmə ortamı üçün benefisiar sahiblik məlumatlarının açıqlanmasına da imkan verən dəyişikliklərə ehtiyac var.
Özəlləşdirmə prosesi çərçivəsində iqtisadi canlanmanı təmin etmək baxımından xarici investorları ölkəyə sərmayə yatırmağa həvəsləndirmək də çox önəmlidir. Bu istiqamətdə aparılan təhlillər və ölkənin beynəlxalq reytinqlərdəki mövqeyi göstərir ki, Azərbaycanda özəlləşdirmə prosesinə xarici investorların maraq göstərməsi üçün bir çox addımlara ehtiyac var. Dövlət idarəetməsində şəffaflığın və hesabatlılığın artırılması, korrupsiyanın aradan qaldırılması, mülkiyyət hüququnun qorunması lazımdır. Müstəqil və ədalətli məhkəmə sisteminin qurulması, hüquqi və tənzimləyici mühitin yaxşılaşdırılması, qanunun aliliyinin, qanun qarşısında hər kəsin bərabərliyinin təmin edilməsi də çox vacibdir. Dövlət qurumlarının davranışları öncədən proqnozlaşdırıla bilən olmalıdır. Biznesin xərc və gəlirlərinə təsir göstərən hökumət qərarlarının ictimai müzakirələrsiz qəbul edilməsi təcrübəsinə son verilməlidir. Sadalanan sahələrdə ciddi islahatlara ehtiyac var və bunları təmin etmədən ölkəyə xarici investorların marağını artırmaq mümkünsüzdür. Bütün bunları gözdən keçirincə ölkədə özəlləşdirmə fəaliyyətinin nədən effektiv olmaması dərhal üzə çıxır: Başlıca səbəb elə hökumətin iqtisadi siyasətindəki mövcud problemlərdir.