Pakistanda quldurlar 11 polis əməkdaşını öldürüblər

Polis konvoyuna silahlıların hücumu nəticəsində yaralanan polis əməkdaşları

Avqustun 22-də Pakistanın şərqi Pəncab əyalətində quldurlar pusquda 11 polis əməkdaşını öldürüb, 10-nu yaralayıb. Bu, son zamanlar bu nəzarətsiz ərazidə hüquq-mühafizə əməkdaşlarına qarşı ən ölümcül hücumlardan biridir.

Reaktiv qumbaraatanlar və tüfənglərlə silahlanmış soyğunçular yol kənarında saxlanmış iki polis maşınına hücum edib. Polisin məlumatına görə, maşınların birində mexaniki problem yaranıbmış.

Baş nazir Şahbaz Şərif hücumu pisləyib, quldurlara qarşı "dərhal və effektli tədbir" görməyə çağırıb. Pəncabın baş naziri Məryam Navaz deyib ki, hücum cavabsız qalmayacaq.

Bu pusqudan üç həftə öncə, iyulun 31-də Pəncab və Sind əyalətlərindən altı polis əməkdaşı iki ayrı-ayrı hücumlarda soyğunçular tərəfindən öldürülüb.

Pəncab və Sindin sərhədində yerləşən çaykənarı ərazi vətəndaşlar üçün təhlükəli sayılır, hüquq-mühafizə orqanları çox nəzarət edə bilmir.

Uzun illərdir bu məkanda silahlı banditlər yerləşir, pul qarşılığında adam oğurluğu, qətllərlə məşğuldurlar.

Pakistanın müstəqil İnsan Haqları Komissiyası ötən il faktaraşdırıcı hesabatında bildirib ki, 2022-ci ildə pul tələbi ilə 300 adam oğurluğu qeydə alınıb.

Soyğunçuların hər il qanunsuz fəaliyyətdən 1 milyard Pakistan rupisi (3 milyon 580 min 400 dollar) qazandığı bildirilir.

Ekspertlərin fikrincə, yerli nüfuzlu siyasətçilər və mülkədarlar ərazidən xeyir götürmək üçün bu bandaların arxasında dururlar.