Yaraqlılar Pakistanda qatarı tutublar, insanları girov götürüblər

Separatçı yaraqlıların hücumuna məruz qalan qatardan xilas edilən sərnişinlər.

Pakistan təhlükəsizlik qüvvələri bildirib ki, ölkənin Bəlucistan əyalətində silahlılar tərəfindən ələ keçirilən qatarda girov götürülən təxminən 155 nəfər azad edilib. Lakin qatarda hələ də 300-ə yaxın şəxsin girov saxlanıldığı ehtimal edilir.

"Reuters" təhlükəsizlik mənbələrinə istinadən xəbər verir ki, silahlılar bir çox sərnişinin yanında intiharçı bombalar yerləşdiriblər, bu da xilasetmə əməliyyatını daha da çətinləşdirir.

+++

Silahlılar Pakistanın cənub-qərbində, tuneldə sərnişinlə dolu bir qatarı ələ keçirərək onlarla insanı girov götürüb. Təhlükəsizlik qüvvələri ilə toqquşma nəticəsində bir neçə nəfər həlak olub.

Bəlucistan hökumətinin sözçüsü Şahid Rind bildirib ki, 400-dən çox sərnişini daşıyan "Jaffar Express" qatarı Bəlucistan əyalətinin paytaxtı Kvettadan Peşəvər şəhərinə gedərkən "şiddətli" atəşə məruz qalıb.

Martın 11-i gecə saatlara qədər neçə sərnişinin hələ də girov saxlanıldığı bəlli olmasa da, separatçı Bəlucistan Azadlıq Ordusu (BLA) hadisəyə görə məsuliyyəti öz üzərinə götürüb. Silahlı qruplaşma bildirib ki, naməlum sayda Pakistan təhlükəsizlik və kəşfiyyat zabitləri də daxil olmaqla, 100-dən çox sərnişin girov götürülüb.

"Hücuma məruz qalan qatar hələ də yerindədir və silahlı şəxslər sərnişinləri girov saxlayırlar", - rayonun baş polis rəsmisi Rana Dilavar bildirib.

Qatarda olan sərnişin AzadlıqRadiosuna telefonla bildirib ki, təhlükəsizlik qüvvələri silahlı qruplaşmaya qarşı quru və hava əməliyyatlarına başlayıb, yaraqlılar isə cavab olaraq silah və raketlərdən istifadə edirlər.

Bəlucistan regional dəmiryol departamentinin sözçüsü Məhəmməd Kaşif AzadlıqRadiosuna deyib ki, ümumilikdə doqquz vaqondan ibarət olan qatar ucqar, dağlıq ərazidəki tuneldən keçərkən hücuma məruz qalıb. Qatar hücumdan sonra tunelin içərisində qalıb.

BLA qadınlar, uşaqlar, yaşlılar və Bəlucistan sakinləri da daxil mülki sərnişinlərin azad olunduğunu bildirib.

Müqavimət göstərən 10 hərbçinin öldürüldüyü vurğulanıb.

"Reuters"in xəbərinə görə, silahlı qruplaşma Bəluc siyasi məhbuslarının, fəallarının və itkin düşmüş şəxslərin 48 saat ərzində azad olunmasını tələb edib.

Resurslarla zəngin, lakin yoxsul bölgə olan Bəlucistanda uzun illərdir ki, silahlı toqquşmalar baş verir. Silahlı qruplaşma həm Əfqanıstan, həm də İranla həmsərhəd olan Bəlucistan əyalətinin müstəqilliyini tələb edir.

Noyabrda BLA Kvetta qatar stansiyasında intiharçı bomba hücumu həyata keçirib. Hərbçilər, dəmiryol işçiləri və sərnişinlər də daxil olmaqla 26 nəfər həlak olub.