Fevralın 8-də Pakistanda parlament seçkililəri keçirilir. Səsvermə ölkədə zorakılığın artması, siyasi və iqtisadi çaxnaşma fonunda baş tutur.
Pakistanda inflyasiya 30 faizə yaxındır, keçmiş baş nazir, ölkənin ən tanınmış siyasətçisi İmran Xan həbsdədir.
Seçkidən bir gün öncə cənub-qərbi Bəlucistan əyalətində seçki ilə bağlı zorakılıqda 30-a yaxın adam öldürülüb.
Səsvermə prosesi zamanı təhlükəsizliyi azı 650 minlik hərbçi, hərbi dəstələr, polis əməkdaşları qoruyur.
128 milyon seçici
Ölkədə 128 milyon seçici olmasına baxmayaraq, seçici iştirakçılığının aşağı olacağı proqnozlaşdırılır. Buna səbəb kimi Xanın "Ədalət Uğrunda Hərəkat" (PTI) partiyasına əngəllər, fevralın 7-də isə namizədlərin ofisləri qarşısında iki bomba partlayışı göstərilir. Partlayışlara görə məsuliyyəti "İslam Dövləti" (İŞİD) qruplaşması üzərinə götürüb. Rəsmilər zorakılığın səsvermə prosesinə təsir göstərməyəcəyini deyiblər.
"Sülh və təhlükəsizliyi sabotaj etməyə yönəlik istənilən cəhdin qarşısı alınacaq", - baş nazir vəzifəsini icra edən Ənvər-ul-Xak Kakar partlayışlardan sonra deyib.
Ancaq Xarici İşlər Nazirliyi İran və Əfqanıstanla sərhədlərin bağlandığını, təhlükəsizlik tədbiri olaraq sərhəd ərazilərdə mobil telefon xidmətlərinin söndürüldüyünü bildirib.
AzadlıqRadiosunun əməkdaşları Bəlucistanda, ölkənin ən böyük şəhəri Karaçidə və digər yerlərdə seçicilərin səsverməyə getdiyini xəbər verirlər.
İmran Xan həbsdədir
Milli və dörd əyalət assambleyalarında yerlər uğrunda 18 minə yaxın namizəd mübarizə aparır.
2018-22-ci illərdə baş nazir olmuş 71 yaşlı Xan korrupsiya ittihamları ilə həbsdədir, 10 il müddətinə vəzifə tutması qadağan olunub.
PTI-nin fevralın 7-də yaydığı videoda Xan seçiciləri səsverməyə getməyə çağırıb.
Keçmiş baş nazir, 74 yaşlı Navaz Şərif seçkidə əsas namizədlərdən sayılır. Xanın həbsi fonunda Navazın partiyasının daha çox səs qazanacağı gözlənilir.