Pakistan ABŞ-ın xüsusi səfirini ‘antiterror səyləri’ barədə məlumatlandırıb

ABŞ-ın xüsusi səfiri Alice Wells Pkaistanın xarici işlər naziri Tahmina Janjua ilə görüşüb

Pakistan rəsmiləri ölkədə səfərdə olan yüksək vəzifəli ABŞ səfirinə terrorizmlə bağlı mübarizənin vəziyyəti barədə məlumat veriblər. Birləşmiş Ştatlar bundan əvvəl bu mübarizənin gedişindən narazılığı ilə əlaqədar İslamabada yardımını dayandırmışdı.

Pakistanın Xarici İşlər Nazirliyi bildirib ki, ABŞ nümayəndə heyətinin başçısı, dövlət katibinin Cənubi və Mərkəzi Asiya üzrə baş müavini Alice Wells yanvarın 15-də “Pakistan hüquq-mühafizə orqanlarının son antiterror əməliyytaları barədə” məlumatlandırılıb.

Wells “Pakistanın terrorizmin kökünün kəsilməsi üçün cəhdlərini təqdir edib” və “kəşfiyyat əməkdaşlığının gücləndirilməsi zərurətini vurğulayıb”.

ABŞ rəsmiləri artıq xeyli müddətdfir ki, Pakistanı Əfqanıstandfa döyüşən terrorçu və silahlı qruplaşmalara sığınacaq verməkdə və yummaqda ittiham edirlər. İslamabad bu ittihamları rədd edir.

Bu ayın əvvəllərində ABŞ hökuməti bildirmişdi ki, Pakistan “Əfqanıstandakı Taliban və Haqqani şəbəkələrinə qarşı qətiyyətli addımlar atıncaya qədər” bu ölkənin hərbiyyəsinə təhlükəsizlik yardımını dayandırır. ABŞ rəsmiləri bildiriblər ki, söhbət 2 milyard dollarlıq yardımın dondurulmasından gedə bilər.

Vaşinqtonun bu hərəkətinə cavab olaraq Pakistanın Xarici İşlər Nazirliyi yanvarın 5-də bəyan etmişdi ki, ABŞ-ın “özbaşına qoyduğu müddətlər, birtərəfli bəyanatlar və məqsədlərin dəyişdirilməsi əks-nəticə verir”.

Bundan başqa nazirliyin bəyanatında deyilirdi ki, Pakistan əksər hissəsi öz büdcəsindən olmaqla son 15 ildə antiterror əməliyyatlarına 120 milyard dollar xərcləyib.

Yanvarın 15-də ABŞ-ın ali komandanı general Joseph Dunford deyib ki, o, ABŞ-Pakistan münasibətlərinə sadiq qalır.