Ağ Ev Pakistan barədə ‘spesifik hərəkətlərini’ iki günə elan edəcək

ABŞ-ın müdafiə naziri Jim Mattis dekabrın 4-də İslamabadda baş nazir Şahid Xaqan Abbasi ilə görüşmüşdü

Ağ Ev bildirib ki, Pakistanın terrorizmə qarşı mübarizədə daha çox iş görməsini istərdi və Vaşinqton çox güman İslamabada təzyiq göstərmək məqsədilə “spesifik hərəkətlərini” qarşıdan gələn iki gündə elan edəcək.

Ağ Evin sözçüsü Sarah Sanders deyib ki, “bizim məqsədimiz onların terrorun qarşısını almaq üçün nə edə biləcəklərini öyrənməkdir və biz onların bunu etməsini istəyirik”.

Yanvarın 2-də Pakistan, prezident Donald Trump-ın Tvitterdə yaydığı bəyanatı kəskin tənqid etmişdi. Trump bu tvitdə Pakistanı “yalanlar və aldatmada” ittiham edir, habelə Pakistana ayrılan milyardlarla dollarlıq yardımı kəsəcəyi ilə hədələyirdi.

Pakistanın Milli Təhlükəslzik Komitəsi yanvarın 2-də bəyan etmişdi ki, İslamabad Əfqanıstandakı kollektiv uğursuzluq üçün tək məsuliyyət daşıya bilməz.

Buna baxmayaraq elə həmin gün Pakistanın baş naziri Şahid Xaqan Abbasinin ofisi bəyan etmişdi ki, İslamabad “əsassız ittihamlara baxmayaraq” Əfqanıstandakı sülh prosesində konstruktiv rolunu oynamaqda davam edəcək.

Baş nazirin bəyanatında deyilirdi ki, Əfqanıstandakı çətinliklərin əsas səbəbi daxili siyasi çarpışma, kütləvi korrupsiya, narkotik bitki becərilməsinin fenomenal genişlənməsi və Əfqanıstanın ərazisində hakimiyyət nəzarətindən kənarda qalan və müxtəlif beynəlxalq terrorçu dəstələr üçün sığınacaq rolunu oynayan yerlərin olmasıdır.

Bundan əvvəl yanvarın 2-də Pakistan ABŞ-ın bu ölkədəki səfiri David Hale-ə Trump-ın yanvarın 1-də yazdığı hədəli tvitlə bağlı etirazını bildirmişdi.

Pakistan rəsmiləri ABŞ-ı açıq şəkildə “etibarsızlıqda” ittiham edirdilər.

Lakin ABŞ-ın BMT-dəki səfiri Nikki Haley yanvarın 2-də müxbirlərə deyib ki, Trump administrasiyasının Pakistan üçün nəzərdə tutulmuş 255 milyon dollarlıq yardımı dayandırmaq üçün “kifayət qədər əsası” var.

Haley müxbirlərə demişdi: “Pakistan illərdir ki, ikili oyun oynayıb. Onlar müəyyən vaxtlarda bizimlə işləyirlər, lakin eyni zamanda bizim Əfqanıstandakı qoşunlarımıza hücum edən terrorçulara sığınacaq verirlər. Bu adminsitrasiya üçün belə oyun məqbul deyil.”

ABŞ administrasiyası Pakistana verilməli olan 1, 1 milyard dollarlıq yardımın köçürülməsini ləngitməkdə davam edir. Bu yardımın verilməsi barədə qərarı Konqres 2016-cı ilin avqustunda təsdiq edib.

Pakistanın müdafiə naziri Xürrəm Dəstgir Xan ABŞ-dan gələn ittihamlara Tvitterdə cavab verib və yazıb ki, İslamabad indiyədək ABŞ-a bir antiterror müttəfiqi kimi heç bir ödəniş olmadan quru və hava kommunikasiyalarını, hərbi bazalarını və kəşfiyyat məlumatlarını verib. Nazirin sözlərinə görə bu əməkdaşlıq əl-Qaedanın tükəndirilməsində əsas rol oynayıb.

Dəstgir Xan deyib ki, İslamabad bütün bunlara cavab olaraq “sədaqətsizlikdə ittiham” eşidib.

Pakistanın xarici işlər naziri Xavaja Mohammad Asif isə Geo telekanalına deyib ki, ABŞ Əfqanıstandakı uğursuzluğa görə öz adamlarını qınamalıdır.

Asif deyib ki, Amerika Əfqanıstandakı uğursuzluğundan pərtdir, amma uğur qazanmaq üçün hərbi gücə yox, dialoqa əl atmaq lazımdır.

O bunu da qeyd edib ki, ABŞ-ın verdiyi bütün yardımların müvafiq audit təftişi keçirilib.

Əfqanıstanın ABŞ-dakı səfiri Həmdullah Mohib Trump-ın tvitini alqışlayıb və deyib ki, Pakistan ABŞ-dan terrorla mübarizə üçün külli miqdarda yardım alır, lakin öz ərazisindəki terrorçu sığınacaqlarını dağıda bilmir.

Səfir habelə Pakistanın yardımını kəsməklə İslamabada təzyiq göstərilməsini də təqdir edib.

Bu arada Çinin Xarici İşlər Nazirliyinin sözçüsü Geng Şuanq Pakistanı dəstəkləyərək deyib ki, İslamabad qlobal terorun cilovlanmasına nəzərəçarpacaq töhfə verib.