Pakistanın keçmiş prezidenti Pərviz Müşərrəf vəfat edib

Pərviz Müşərrəf, arxiv foto

Pakistanın keçmiş prezidenti Pərviz Müşərrəf uzun sürən xəstəlikdən sonra Dubayda özəl klinikalardan birində vəfat edib. Müşərrəfin 79 yaşı var idi. O, 2001-2008-ci illərdə Pakistan prezidenti olub.

Müşərrəf Dehlidə diplomat ailəsində anadan olub. O, Pakistan Hərbi Akademiyasında, Böyük Britaniyanın Kral Müdafiə Elmləri Kolleci də daxil olmaqla bir sıra digər kolleclərdə təhsil alıb.

Buna da bax: Pervez Musharraf vətənə xəyanətdə ittiham edilir

1999-cu ildə hərbi çevrilişlə hakimiyyətə gələn Müşərrəf əvvəlcə baş nazir vəzifəsini icra edib.

2001-ci ildə o, baş nazir və quru qoşunlarının qərargah rəisi postlarını saxlayaraq özünü prezident elan edib. 2002-ci ildə Müşərrəfin prezidentlik müddəti 5 il uzadılıb.

2007-ci ildə öz ətrafı və növbəti prezident seçkilərində iştirakının əleyhinə olan Ali Məhkəmə ilə münaqişəyə girən Müşərrəf elə həmin ilin oktyabrında yeni müddətə prezident seçilib.

Ali Məhkəmə səsvermənin nəticələrinin təsdiqini gecikdirdiyindən bu Pakistanda siyasi böhranın başlanmasına səbəb olub.

Ölkədə fövqəladə vəziyyət elan etdikdən və bir sıra vətəndaş azadlıqlarına məhdudiyyətlər qoyduqdan sonra o, prezident kimi and içib.

Buna da bax: Pakistanın 'nüvə atası' vəfat edib

2008-ci ilin fevralında müxalifətin parlament seçkilərini qazanmasından sonra Müşərrəf impiçmentdən qaçmaq üçün həmin ilin avqustunda istefa verib və Londona gedib.

2013-cü ildə parlament seçkilərində iştirak etmək üçün Pakistana qayıtsa da bir neçə gün sonra ona keçmiş baş nazir Bənazir Bhuttonun öldürülməsi və dövlətə xəyanət ittihamları da daxil olmaqla bir neçə cinayət işi açılıb.

Müşərrəf həbs edilərək ev dustaqlığına buraxılıb.

2016-cı ilin martında müalicə üçün onun xaricə getməsinə icazə verilib, o, məhkəmə qarşısına çıxmaq üçün Pakistana qayıdacağına söz verib.

Üç il sonra Pakistan Xüsusi Məhkəməsi Müşərrəf barəsində ölüm hökmü çıxarıb. O, 2007-ci ildə fövqəladə vəziyyət tətbiq etdiyinə görə dövlətə xəyanətdə təqsirli bilinib.

Son illər Pərviş Müşərrəf Birləşmiş Ərəb Əmirliklərində yaşayırdı.