İqtisadçı: 'Pambıqçılıq haqda nağıl quraşdırmaq lazım deyil'

N.Əliyev

«İndiki halda pambıqçılıqla bağlı nağıllar quraşdırmaq və bu sahəni xalqa sevdirmək təşəbbüsləri əbəsdir», – AXCP Rəyasət Heyətinin üzvü, iqtisadçı Nemət Əliyev ölkə prezidentinin pambıqçılıqla bağlı müşavirəsindən danışarkən deyir: «Belə mənasız çağırışlarla, orden-medallarla insanları bu sahəyə həvəsləndirmək mümkün deyil».

Prezident İlham Əliyev martın 26-da sayca üçüncü pambıq müşavirəsini keçirib. O, pambıqçılığın ölkə iqtisadiyyatına «böyük» faydasıdan danışaraq ölkəyə valyuta gətirdiyini, qeyri-neft sektorunu inkişaf etdirdiyini, yerli istehsala təkan verdiyini, iş yerlərinin açılmasına imkan yaratdığını bildirib.

«Azərbaycan bu gün pambıqçılıqla bağlı inkişaf templərinə görə dünyada lider ölkədir», – prezident deyib.

«Hökumət pambığın kiloqramını 1 manata alsın»

N.Əliyev pambıq yetişdirənlərin əziyyətini qul əməyi ilə müqayisə edir: «Azərbaycan xalqının pambıqçılıq sahəsində böyük təcrübəsi var. O bu sahədə çalışmağın hansı fədakarlıqlar, hansı ağır zəhmət hesabına başa gəlməsinin yaxşı fərqindədir. Azərbaycan xalqı pambıqçılıqdan ona görə üz döndərdi ki, böyük əmək verdiyi işin əvəzində zəhmət haqqını ala bilmədi».

***Buna da bax-İlham Əliyev: 'Görün, pambıqçılığın nə qədər böyük faydası var...'

İqtisadçının fikrincə, hökumət pambıqçılığı inkişaf etdirmək istəyirsə, öncə kəndlinin çəkdiyi zəhməti layiqincə qiymətləndirməlidir: «Hökumət pambığın bir kiloqramına 55-60 qəpik təklif edir. Ancaq bu, çəkilən xərcləri qarşılamağa yetmir. Hesablamalarımıza görə, kəndlidən bu pambığın kiloqramı ən azı 90 qəpik-1 manata alınmalıdır. Bu halda kəndlidə maraq yaratmaq mümkündür».

«İranda, Türkiyədə 90 sentə alırlar»

AXCP Rəyasət Heyətinin üzvü, kənd təsərrüfatı üzrə mütəxəssis Vahid Məhərrəmlinin sözlərinə görə, Azərbaycan pambığını keyfiyyəti aşağı olduğundan ucuz satır, əsas alıcısı da Rusiyadır: «Dünya bazarında pambığın kiloqramının qiyməti təxminən 1 dollar 50 sent olanda Rusiya bizim pambığı 1 dollar 30 sentə alır. Burda işin ən çətinini görənlər, ən çox xərci çıxan fermerlər pambığı 30 sentə satırlar. Əvvəllər, manat dəyərdən düşməmişdən qabaq pambıq qəbulu məntəqəsi pambığın kilosunu 60 sentə qəbul edirdisə, indi 30 sentə alır. İndi bunlar iddia edirlər ki, qiyməti 5 sent qaldıracaqlar, guya bununla kəndlinin pambığa marağını artıracaqlar. Halbuki, Qazaxıstanda qiymət 50 sentdən yuxarıdır. İranda, Türkiyədə isə pambığın kiloqramını 90 sentə qəbul edirlər. Üç dəfə fərq var».

V.Məhərrəmli

«Ötən il fermerlər 10 milyon manat ziyana düşüblər»

Mütəxəssis ötən ilin nəticələrinə görə, azərbaycanlı fermerlərin ciddi ziyana məruz qaldıqlarını söyləyir: «Hesablamalarımıza görə, fermerlər təxminən 10 milyon manatdan çox ziyana düşüblər. Bu da onunla bağlıdır ki, Azərbaycanda pambıq baha başa gəlir. Nəyə görə? Azərbaycana toxum idxal olunur, texnika, texnoloji avadanlıqlar, traktor, kombayn, qoşqu alətləri idxal olunur, gübrə, pestisidlər idxal olunur. Daha nə qaldı ki? Bundan da ən çox ziyan çəkən fermerlərdir. Üstəlik də, əldə etdikləri məhsulu məhdud qiymətə – hökumətin müəyyən etdiyi qiymətə – 30 sentə sata bilirlər».

***Buna da bax-'Otlaq sahələri pambıq əkininə ayrılıbsa, heyvandarlıq necə inkişaf etsin?' [rəylər]

V.Məhərrəmlinin qənaətincə, Azərbaycana pambıq o zaman gəlir gətirər ki, birincisi, məhsuldarlıq yüksək olsun, ikincisi, istehsal vasitələrini xaricdən gətirməsin, özü istehsal etsin və nəhayət, əldə olunan məhsulu da özü emal etsin. Onun sözlərinə görə, pambıqçılıqdan yalnız onun emalı və ixracı ilə məşğul olanlar gəlir götürür, bunun nə ölkəyə, nə də fermerlərə faydası var: «Ona görə də büdcə təşkilatlarında işləyənləri əkinə, yığıma cəlb edirlər və daha ucuz başa gəlməsinə çalışırlar. Sovet dövründə olduğu kimi, inzibati qaydada həll edirlər. Sovet dövründə kolxozlara tapşırıq verirdilərsə, indi yerlərdəki iş adamlarına, polis rəislərinə, icra nümayəndələrinə, bələdiyyə sədrlərinə tapşırıq verir, onlara plan qoyurlar».

«İlk baxışda belə görünür ki, pambıq ölkəyə valyuta gətirir»

N.Əliyevin fikrincə, pambıqdan valyuta əldə edilməsi haqda deyilənlər gülünc səslənir. O, pambıqçılığa geniş yer verilməsi nəticəsində digər kənd təsərrüfatı məhsullarının əkilmədiyini, nəticədə problem yarandığını vurğulayır. Məsələn, iqtisadçı deyir ki, ötən il taxıl istehsalında 150 min ton azalma müşahidə olunub və ya pambıq əkini otlaq sahələri hesabına genişləndirildiyindən bu ilin yanvar-fevralında Dövlət Statistika Komitəsinin məlumatına görə, ət idxalı təxminən iki dəfə artıb: «İlk baxışdan belə görünür ki, pambıq ölkəyə valyuta gətirir. Amma bu, dövriyyədən çıxarılmış bitkiçilik və heyvandarlıq məhsullarının azalması hesabına başa gəlir».

Azərbaycan hökuməti neftin qiyməti aşağı düşdükdən sonra pambıqçılığın inkişafına diqqət yetirməyə başlayıb.

AzadlıqRadiosu mütəxəssislərin dedikləri ilə bağlı fermerlərin də fikrini öyrənməyə çalışır.