Pambıq tarlalarında yenidən zəhərlənmə şikayətləri artır

Nəsimikənd

İyulun 4-də Saatlı rayonunun Nəsimikənd kəndində pambıq tarlasında çalışan işçilərin bəzilərinin qəfil halı pisləşib və onlar xəstəxanaya çatdırılıblar. Bu barədə AzadlıqRadiosuna məlumatı kənd sakinləri veriblər.

"Kimyəvi zəhərlənmə olduğunu əminliklə demək olmur"

Saatlı rayon İcra Hakimiyyəti başçısının köməkçisi Ruhid Əzizov da deyib ki, iyulun 4-də sahədə səkkiz nəfər çalışırmış, onlardan ikisinin halı qəfil pisləşib: "Hər ehtimalı nəzərə alaraq biz onların hamısını müayinədən keçirdik. Əminliklə demək olmaz ki, kimyəvi zəhərlənmə halıdır. Analizlər götürülüb, nəticələrinə baxandan sonra dəqiq fikir yürüdüləcək. Saatlı rayon Mərkəzi Xəstəxanasında ilkin tibbi yardım göstəriləndən sonra işçilərin hamısının halı yaxşılaşıb və onlar evə buraxılıblar".

Sizin brauzer HTML5-i dəstəkləmir

12 qəpiyə pambıq yığan qadınlar: 'Yaşayış deyil'

"Günvurma deyil"

Saatlı rayon İcra Hakimiyyəti başçısının Nəsimikənd kəndi üzrə nümayəndəsi Məlikşah Qəhrəmanov da bildirir ki, işçilərin çalışdığı sahə onun qardaşı Lətif Qəhrəmanova məxsus olub: "Pambıq tarlasında alaq otlarını təmizləyən işçilər yaxın qohumlarımız olub. Biz dəqiq bilmirik bu hal nədən olub. Amma günvurma barədə deyilənlər həqiqətəuyğun deyil. İşçilər səhər saat 8-də işə başlayıblar, iki saat sonra isə xəstəxanaya aparılıblar. İndi həm tibb müəssisələri, həm də prokurorluq araşdırmaya başlayıb. Biz də, hamı kimi, hadisənin başvermə səbəbini onlardan öyrənəcəyik".

Saatlı rayon Mərkəzi Xəstəxanasının direktoru Pərvin Məmmədov isə xəstələrin durumu ilə bağlı sorğumuzu cavablandırmaqdan imtina etdi.

Sizin brauzer HTML5-i dəstəkləmir

Ağ qızılın qara dərdi

Oxşar hadisə Beyləqanda da olub

Bu, cari il pambıqçıların halının pisləşməsi ilə bağlı ilk xəbər deyil. İyunun 22-də Beyləqanın Yuxarı Aran kəndində də 15 nəfər pambıqçının kimyəvi zəhərlənmə şübhəsi ilə xəstəxanaya müraciət etməsi xəbəri yayılmışdı. Hələlik, həmin hadisənin də başvermə səbəbi ilə bağlı rəsmi açıqlama yoxdur.

"Zəhərin mənşəyi məlum deyil"

Kənd təsərrüfatı mütəxəssisi Vahid Məhərrəmov isə diqqəti 2018-ci ildə Azərbaycanın bir neçə rayonunda baş verən kütləvi zəhərlənmə hadisəsinə çəkir: "Bunadək, hətta kimyəvi preparatlardan daha çox istifadə edilən sovet hakimiyyəti illərində Azərbaycanda belə kütləvi hadisə olmamışdı. Pambıq tarlalarında kütləvi zəhərlənmə baş verməyi ölkəmizdə pestisid zavodunun işə düşməsi ilə eyni vaxta təsadüf edir. O zaman zəhərlənmə hadisəsi "texniki təhlükəsizlik qaydalarına əməl etməmə" ilə əlaqələndirilmişdi. Amma istifadə edilmiş preparatlar, onların zərərli təsiri barədə heç nə deyilmədi".

Sizin brauzer HTML5-i dəstəkləmir

Rekord məhsul, yoxsa 'pripiska'?

Xatırlatma

Bundan dörd-beş il əvvəl Azərbaycanın bir sıra rayonlarında (Saatlı, Tərtər, İmişli və s.) pambıq tarlalarında bir çox kütləvi zəhərlənmə halı baş vermişdi. Həmin hadisələrlə bağlı 10-a yaxın müəyyən vəzifəli şəxs mühakimə edilmişdi. Onlar Cinayət Məcəlləsinin 222.1-ci (təhlükəsizlik qaydalarını insanların həyat və sağlamlığı üçün real təhlükə yaradan həddə pozma) maddəsi üzrə ittiham olundular. Bəzi şəxslərə müxtəlif cəzalar verildi. Onlar xidməti vəzifələrinin icrası zamanı pestisidlərin dövriyyəyə buraxılmasına dair reqlament və təlimatın tələblərini, eləcə də dərmanlama işlərinin görülməsi ilə əlaqədar texniki təhlükəsizlik qaydalarını pozmaqda günahlandırılırdılar. Həmin vaxt həbs edilənlərdən bəzilərinin yaxınları bildirmişdilər ki, bu məsələlərlə bağlı əsas təqsirkar şəxslər məsuliyyətdən kənarda saxlanılır, elə də təqsiri olmayanlar cəzalandırılır.