18 il Paris hava limanında yaşayan iranlı elə orda da vəfat edib

Mehran Karimi Nasseri, 12 avqust 2004, Paris, Şarl de Qoll hava limanı

Mahran Kərimi Nasseri noyabrın 12-də 76 yaşında Parisdəki Şarl de Qoll hava limanında vəfat edib.

O, 1980-ci illərin sonundan 18 il Şarl de Qoll hava limanının 2F terminalında yaşayıb və ölümündən bir neçə həftə əvvəl oraya qayıdıb.

Nasseri 1945-ci ildə İranda anadan olub. 1974-cü ildə daha əvvəl onlardan ayrılmış anasını axtarmaq üçün Londona uçub. Yaxınları Nasseriyə anasının İngiltərəyə getdiyini bildiriblər.

Buna da bax: Putindən təklif- 'feyk' yayanlar vətəndaşlıqdan çıxarılsın

1977-ci ildən 1981-ci ilə qədər o, altı ölkədən sığınacaq almağa çalışıb və nəticədə onu Belçikada alıb, orada kitabxanada işə düzəlib.

1988-ci ildə Nasseri Parisdən keçməklə Böyük Britaniyaya köçmək qərarına gəlib. Bir ehtimala görə, hava limanına enəndən sonra sənədlərinin oğurlandığı üzə çıxıb. Sənədləri olmadan Londona uçsa da sonrada Fransaya geri göndərilib. İranlının ölkəyə daxil olmaq hüququ olmayıb və o, hava limanında 2F terminalında məskunlaşıb. O, günlərini dəftərinə öz həyatını yazmaqla, qəzet və jurnal oxumaqla keçirib.

1999-cu ildə Nasseri Fransada qaçqın statusu alsa da , 2006-cı ilə qədər hava limanının terminalında qalıb. Bu hadisə Hollivud rejissoru Stiven Spilberqin diqqətini çəkib, o, 2004-cü ildə Nasserinin hekayəsi əsasında “Terminal” tragikomediyasını çəkib.

Buna da bax: İran azərbaycanlısı: 'Dərsə hicabsız gəlmək adiləşib'

Filmdə baş rolları Tom Hanks və Ketrin Zeta-Cons canlandırıb. Filmin premyerasından sonra Nasseridən müsahibə alınmağa başlanılıb. Özünü “Ser Alfred” adlandıran Nasseri gündə bir neçə dəfə mətbuatla görüşüb.

2006-cı ildə xəstələndiyi üçün xəstəxanaya aparılıb. Bundan sonra Spilberq filmindən aldığı pulla yataqxanada yaşayıb.

Bir neçə həftə əvvəl Nasseri yenidən uzun müddət yaşadığı 2F terminalına qayıdıb və noyabrın 12-də elə orda da vəfat edib.

Hava limanının sözçüsününü dediyinə görə, onun ölümü təbii səbəblərdən olub. Nasserinin yanından bir neçə min avro nağd pul tapılıb.

Hava limanının əməkdaşı aydınlaşdırıb ki, Nasseri həmişə aeroportun ictimai yerində olub və işçilər həmişə onun qayğısına qalıblar.