Parisdəki iğtişaşlarda azı 74 nəfər saxlanılıb

Mərakeş-Portuqaliya oyunundan

Növbəti oyun ərəfəsində Parisdə polisin yüksək hazırlıq vəziyyətinə gətiriləcəyi bildirilir

Parisdə futbol azarkeşləri dünya çempionatının 1/4 finalında Fransa və Mərakeş yığmalarının qələbəsini bayram edərkən iğtişaş törədiblər.

Fransa paytaxtının mərkəzinə minlərlə insan gəlib. Onlardan bəziləri şəhər obyektlərinə zərər vurmağa və Yelisey meydanında vitrinləri sındırmağa cəhd edib. İğtişaşları dayandırmaq 1200 polis səfərbər olunduğu, aksiyaçılara qarşı gözyaşardıcı qaz və digər xüsusi vasitələrdən istifadə edildiyi bildirilir.

Buna da bax: Qətər Dünya kubokuna görə ‘400-500 arası’ fəhlənin öldüyünü deyir

Daily Mail-in məlumatına görə, Parisdəki kortəbii nümayişlərdə 20 minə qədər adam iştirak edib. Azarkeşlər atəşfəşanlıq edərək polislə toqquşublar. Ən azı 74 nəfər saxlanılıb.

Mərakeş keçmiş Fransa müstəmləkəsidir, bu ölkədən bir çox mühacir Fransada yaşayır, buna görə də fanatların qələbəsi ikiqat olub.

Qeyd olunur ki, Paris polisi növbəti dəfə, çərşənbə günü Mərakeşlə Fransa komandaları arasında keçiriləcək oyun ərəfəsində yüksək hazırlıq vəziyyətinə gətiriləcək.

Buna da bax: İran futbolçuları dövlət himnini oxumaqdan imtina ediblər

Şənbə günü Qətərdə keçirilən futbol üzrə dünya çempionatında Mərakeş Portuqaliyaya 1:0, Fransa İngiltərəyə 2-1 hesabı ilə qalib gəlib. Beləliklə, hər iki komanda yarımfinala yüksəlib.

Bununla Mərakeş futbolda belə uğur qazanan ilk Afrika ölkəsi sayılır.