Parisdə etirazçılarla polis yenidən toqquşub

Parisdə etiraz aksiyası

Parisdə aksiyaçılarla polis arasında toqquşma olub.

Reutersin məlumatına görə dekabrın 8-də paytaxt Paris və ölkənin digər şəhərlərində yenidən atiraz aksiyaları keçirilir.

Polis Parisdə,prezident sarayının qarşısına toplaşmaq istəyən aksiyaçıları dağıtmaq üçün gözyaşardıcı qazdan istifadə edib.

Artıq 300-dən çox adamın saxlandığı bildirilıir.

İctimai asaişi qorumaq üçün Parisin küçələrinə 8 minədək polis çıxarılıb ki, bu əvvəlki günlərlə müqaisədə xeyli çoxdur.

Ümumilikdə isə ölkə boyu asaişin qorunmasına 89 min polis əməkdaşı cəlb edilib.

Parisdə “Eyfel” qülləsi,Luvr və digər muzeylər, gur ticarət mərkəzləri bağlanıb.

Həmçinin prezident sarayının giriş-çıxışları möhkəmləndirilib, parlament binasının ətrafında isə zirehli maşınlar yerləşdirilib.

“Sarı jiletli”aksiyaçılar artıq bir neçə həftədir ki, dizel yanacağına verginin artırılmasına etiraz olaraq kütləvi aksiyalar keçirirlər.

Hökumət sonda bu addımdan çəkinsə də ölkə boyu nümayişlər davam edir.

Onlar ümumilikdə prezident Emmanuel Macronun iqtisadi siyasətinə qarşı çıxır, vergilərin azaldılması və maaşların qaldırılması da daxil olmaqla indi yeni tələblər irəli sürürlər.

Ötən həftə Parisdə keçirilən aksiya zamanı mağazalar qarət edilmiş, omlarla avtomobil yandırılmışdı.

Hakimiyyət xəbərdarlıq edib ki, radikal sağçı və solçu qüvvələr etirazları başqa səmtə yönəltməyə cəhd göstərirlər.