Ələsgər Məmmədli: 'Parlament öz səlahiyyətlərini aşır'

"Azadlıq". Şerif. Karikatura.

Media hüquqçusu Ələsgər Məmmədli yenidən hazırlanmış “Hərbi vəziyyət haqqında” qanun layihəsini AzadlıqRadiosu-na şərh edir

Ölkədə hərbi vəziyyət elan olunsa, hərbi senzura tətbiq edilə bilər. Yenidən hazırlanmış “Hərbi vəziyyət haqqında” qanun layihəsində belə deyilir.

Buna da bax:​ Hərbi senzura qaydaları müzakirə edilir

Hərbi senzura media məlumatlarının dövlət, o cümlədən hərbi idarəetmə qurumlarıyla əvvəlcədən razılaşdırılması, dövlət sirri sayılan məlumatların qanunsuz yayılmasının qarşısını almaq üçün yazışmalara, televiziya və radio yayımına, telefon və radio danışıqlarına nəzarətin həyata keçirilməsindən ibarətdir. Media hüquqçusu Ələsgər Məmmədli qanun layihəsini AzadlıqRadiosu-na dəyərləndirir:

– Birmənalı şəkildə deyirəm ki, bu Konstitusiyanın 50-ci maddəsi ilə daban-dabana ziddir. 50-ci maddənin ikinci hissəsində çox aydın şəkildə yazılır ki, Azərbaycanda kütləvi informasiya vasitəsi üzərində hər hansı dövlət senzurası qadağandır. “Qadağandır” deyilirsə, burda istisnaya yer yoxdur. Kimsə “Hərbi vəziyyətdə senzura tətbiq oluna bilər” fikrini ortaya atırsa, əslində, Konstitusiyanı ayaq altına atır. Bu baxımdan, parlament öz səlahiyyətlərini aşır. Konstitusiyanın 71-ci maddəsində parlamentlə bağlı bir qırmızı xətt müəyyənləşdirilib. Həmin maddəyə görə, Milli Məclis qanunvericiliyə “Ana Qanun”da müəyyən olunan hüquq və azadlıqlardan artıq məhdudiyyət gətirə bilməz. Bu baxımdan, indi Konstitusiyanın 71-ci və 50-ci maddələri pozulub. “Qadağandır”sa qadağandır, burda məhdudiyyət qoyula bilməz. Məhdudiyyət nəzərdə tutulsaydı, Konstitusiyada yazılardı. Bu, birinci məqam. İkincisi, hərbi vəziyyət və ya fövqəladə vəziyyət rejimində hansısa məhdudiyyətlər ola bilərmi? Bəli, ola bilər. Amma bu məhdudiyyətlərin heç biri senzura deyil. Senzura azadlığın tam ortadan qaldırılması deməkdir.

Buna da bax: 'Müharibə başlayacağı halda...'

– Bəs məhdudiyyət nələrlə bağlı tətbiq edilə bilər?

– Dövlət sirri və ya hərbi sirrin yayılması ilə bağlı məhdudiyyət tətbiq edilə bilər. Yaxud hərbi əməliyyatların keçirildiyi ərazilərə buraxılmama kimi önləyici tədbirlər görülə bilər. Bunun adı da senzura deyil, müvəqqəti məhdudlaşdırıcı tədbirlərdir. Məhdudlaşdırıcı tədbirlərlə bağlı həm Azərbaycan qanunvericiliyində, həm də Avropa İnsan Haqları Konvensiyasının 10-cu maddəsində çox aydın deyilir ki, qoyulan məhdudiyyət heç bir halda azadlığın özünü ortadan qaldıra bilməz. Senzura isə ifadə azadlığıni birbaşa ortadan qaldırır. Bu aspektdən hərbi vəziyyət də olsa, müharibə vəziyyəti də olsa, senzuranın tətbiqi yolverilməzdir və heç bir legitim əsası yoxdur.

– Amma deputatlar bildirirlər ki, Azərbaycanda hərbi döyüşlər zamanı KİV-lərin təsdiqlənməmiş məlumatları yayması, bəzən, ajiotaj doğurur. Elə senzuranı da bununla əsaslandırırlar.

– Açaq sənədlərə baxaq, hərbi əməliyyatlar gedərkən, Azərbaycanda hərbi vəziyyət elan olunubmu? Yəni hərbi vəziyyət rəsmi şəkildə elan olunandan sonra 24 saat içində parlamentdə təsdiqlənməsə, o rejim tətbiq edilə bilməz.

Yəni atəşkəs intensiv pozulduğu halda da bu senzura tətbiq edilə bilməz. Çünki nə Azərbaycan Ermənistana müharibə elan edib, nə də ölkədə rəsmi şəkildə hərbi vəziyyət elan edilib. Hüquqi sənədlə elan edilməyən bir şeyi praktikada tətbiq etmək mümkün deyil. İstər bu ilin aprel hadisələrində, elə bir neçə il öncə avqust hadisələrində də, Azərbaycanda hərbi vəziyyət elan edilməyib. Ona görə həmin müddəa ora salınsa da, atəşkəs pozularkən, gərgin döyüşlər gedərkən, işləməyəcək.

Buna da bax:​ Hərbi vəziyyət haqqında Qanun dəyişdirilir

– Ələsgər bəy, sizcə, bu dəyişikliyin məqsədi nədir?

– Son bir həftədə dalbadal ifadə azadlığına yönəlik hüquqi baxımdan məhdudlaşdırıcı addımlar atılır. Biri elə bu hərbi vəziyyətlə bağlı qanuna dəyişiklikdir. Digəri teleradio tezliklərinin də xüsusi əhəmiyyətli, dövlət tərəfindən qorunan fəaliyyət növü kateqoriyasına daxil edilməsidir. Bu, anormal addımdır. Televiziya, radio dövlət tərəfindən tənzimlənsə də, dövlət məqsədli deyil, ictimai məqsədlə istifadə olunan resurslardır. Bunu vurğulamaqda məqsədim odur ki, bu addımların özü Azərbaycanda ifadə azadlığına, təməl insan hüquq və azadlıqlarına dözümsüz yanaşmanın davam etdiyini göstərir. Bu istiqamətdə mümkünsüz olan bütün məhdudlaşdırmalara gedirlər. Çox təəssüf edirəm ki, Azərbaycan çox sürətlə qanunvericiliyini demokratik dəyərlərdən uzaqlaşdırır, məhdudlaşdırıcı normaları önə çəkməklə, cəmiyyəti çox dar çərçivədə yönəltməyə gedir. Bunun sonu yaxşı görünmür.