Paşinyan ABŞ rəsmisi ilə Qarabağdan danışıb

Nikol Paşinyan Erika Olsonu qarşılayır

Ermənistanın Baş naziri Nikol Paşinyan noyabrın 3-də ABŞ Dövlət katibinin köməkçisinin müavini Erika Olsonun başçılıq etdiyi nümayəndə heyətilə görüşüb.

Paşinyan 2019-cu ildən Ermənistan-ABŞ strateji dialoqunun münasibətlərin inkişafına yönəldiyini qeyd edib.

“ABŞ hökumətinin Ermənistanda demokratik islahatların irəli aparılmasındakı rolunu qeyd etmək istəyirəm. Bu yaxınlarda Patrul polisinin yaradılması bu istiqamətdə konkret nəticədir”, – baş nazir vurğulayıb.

Buna da bax: Paşinyan separatçıların lideri ilə görüşüb

Əsirlərin qaytarılması yönündə iş davam edir

Paşinyan bu ilin iyununda Azərbaycanın 15 erməni əsiri qaytarmasında ABŞ-ın rolunu yüksək qiymətləndirib, Birləşmiş Ştatların bu yöndə işi davam etdirməsindən məmnunluq bildirib.

AzadlıqRadiosu-nun Ermənistan xidməti tərəflərin Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsini, ATƏT-in Minsk qrupunun cəhdlərini, Azərbaycanın erməni əsirləri qaytarmasını, Ermənistandakı demokratik islahatları müzakirə etdiyini yazır.

Azərbaycan ötən il 44 günlük müharibədən sonra öz ərazisində saxladığı erməni hərbçiləri əsir saymır, onların terrorçu-diversant olduğunu deyirdi. Amma sonradan həmin şəxslərin bir qismi işğaldan azad olunmuş ərazilərin mina xəritələri qarşılığında azad olundu.

Paşinyan regional kommunikasiyaların açılması, Azərbaycanla sərhədlərin demarkasiyası və delimitasiyası məsələlərinə də toxunub.

Buna da bax: Prezident: 'Ermənistana bir sıra təkliflər irəli sürmüşük…'

ABŞ töhfə verməyə hazırdır

Erika Olson Birləşmiş Ştatların regionda humanitar məsələlərin həllinə, Dağlıq Qarabağ münaqişəsinin ATƏT-in Minsk qrupu çərçivəsində kompleks həllinə töhfə verməyə hazır olduğunu bildirib.

O həmçinin təmsil etdiyi ölkənin Ermənistan hökumətinin demokratik islahatlarına davamlı dəstək verməkdə marağını dilə gətirib.

Azərbaycan ötən payız müharibə nəticəsində Qarabağın bir hissəsinə və ətraf 7 rayona nəzarətini bərpa edib. Amma qoşunların təmas xəttinə və Laçın dəhlizinə Rusiya hərbçiləri yerləşdirilib.

Prezident İlham Əliyev müharibə bitəndən sonra çıxışlarında dəfələrlə Dağlıq Qarabağ münaqişəsinin, status məsələsinin tarixdə qaldığını deyib. Ancaq istər Ermənistan, istərsə də Minsk qrupu həmsədr ölkələrinin təmsilçiləri danışıqların bərpasına çağırırlar.

Buna da bax: Yerevan Rusiya sülhməramlılarının Qarabağda daha çox qalmasını istəyir

3+3 formatı

Bu arada Moskva Azərbaycan-Ermənistan sərhədinin delimitasiyası prosesinin tezliklə başlanmasına çağırıb. Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova noyabrın 3-də brifinqdə bu haqda danışıb.

“Ermənistan və Azərbaycanın xarici işlər nazirləri bu fikirdədirlər ki, son bir ildə regionda vəziyyət sabitləşib, atəşkəs rejiminə ümumilikdə əməl olunur, Bakı və Yerevan Rusiya sülhməramlılarının rolunu yüksək qiymətləndirir, ayrı-ayrı insidentlər tərəflər arasındakı qarşılıqlı kanallar vasitəsilə tənzimlənir, nəqliyyat əlaqələrinin açılması üçün cəhdlər olunur”, – Zaxarova deyib.

Sözçü Moskvanın “3+3” formatında regional konsultativ mexanizmini dəstəklədiyini, çoxtərəfli regional əməkdaşlığın bu formatın iştirakçılarının hamısının maraqlarına cavab verdiyini vurğulayıb. Söhbət Azərbaycan, Gürcüstan, Ermənistan, Rusiya, Türkiyə və İranın iştirakıyla yaradılması təklif olunan formatdan gedir.

Noyabrın 2-də Rusiyanın Xarici işlər naziri Sergey Lavrovun azərbaycanlı həmkarı Ceyhun Bayramovla telefon söhbətində bu formatda əməkdaşlıq platformasının vacibliyi qeyd olunmuşdu.