Pashinian Naxçıvan və Qarabağdakı vəziyyəti şərh edib

Nikol Pashinian canlı efirdə

AzadlıqRadiosunun Erməni xidməti – Azatutyunun yazdığına görə Ermənistanın baş naziri Nikol Pashinian Facebook istifadəçilərindən birinin sualına cavab verərkən bildirib ki, Azərbaycan tərəfi mühüm yüksəkliyi ələ keçirməyib.

İyunun 26-da birbaşa efir zamanı baş nazir Facebook istifadəçilərinin suallarına cavab verirdi.

İstifadəçilərdən biri – Samvel Zaxalyan yazırdı ki, Pashinian Naxçıvan sərhədində baş vermiş hadisələri hələ də şərh etməyib.

Zaxalyan yazırdı ki, “düşmən Areni kəndi istiqamətində əhəmiyyətli məsafədə irəlilədiyini və mühüm yüksəkliyi ələ keçirərək öz mövqelərini ciddi şəkildə yaxşılaşdırdığını iddia edir”.

Pashinian bu suala cavab olaraq bildirib ki, “Azərbaycanın hazırda malik olduğu ərazilər həmişə onun nəzarətində olub və buna görə də Ermənistan tərəfinin hər hansı ərazi itirdiyini iddia etmək absurddur”.

Bununla belə Pashinian etiraf edib ki, mövqelərin müəyyən dəyişməsi baş verib.

Bunun ardınca Pashinian yazıb: “Azərbaycanın Yerevan-Laçın şosesinin nişangah altına götürülməsi barədə bəyanatına gəlincə, bilməyənlər üçün deyim ki, bu yol 1992-1993-cü illərdən bəri nişangah altındadlr və bu yola nəzarət məsələsində qətiyyən dəyişiklik baş verməyib. Naxçıvan istiqamətində mövqelərin müəyyən dəyişməsi baş verib, lakin bizim hər hansı ərazilərimizin itirilməsi barədə iddialar sadəcə olaraq absurddur”.

Baş nazir deyib ki, “Azərbaycan müxtəlif istiqamətlərdə mövqelərini dəyişdirib, lakin taktiki və hərbi planda Naxçıvan istiqamətində əhəmiyyətli dəyişikik baş verməyib”.

Pashinian bildirib: “Siz ərazinin bir güllə də atılmadan itirilməsini necə təsəvvür edirdiniz? Bu mümkündür, yoxsa mümkün deyil? Azərbaycan bir çox istiqamətlərdə mövqelərini dəyişdirib. Mən indi bu məsələyə toxunmaq istəmirəm ki, biz öz mövqelərimizi dəyişmişik, yoxsa yox. Yalnız bunu demək istəyirəm ki, taktiki və hərbi planda Naxçıvan istiqamətində hər hansı əhəmiyyətli dəyişiklik baş verməyib. Əslində burada vəziyyət bir neçə ay bundan əvvəl olduğu kimidir”.

Bundan əvvəl Azərbaycanın müdafiə naziri Zakir Həsənov Naxçıvanda hərbi əməliyyatla bir çox yüksəkliklərin ələ keçirildiyini, 11 min hektar ərazinin işğaldan azad edildiyini bildirmişdi.

Nazir hələ bir ay əvvəl - may ayında keçirilən əməliyyat barədə indi rəsmi xəbər verilməsini Ermənistandakı siyasi vəziyyətlə izah edirdi.

Bu barədə Zakir Həsənov iyunun 20-də keçiridiyi mətbuat konfransında bildirmişdi.

Pashinian Qarabağdakı vəziyyət barədə

Ermənistanın baş naziri Nikol Pashinian özünün Facebook səhifəsindəki canlı sual-cavab sessiyasında Dağlıq Qarabağdakı hazırkı vəziyyəti də şərh edib.

AzadlıqRadiosunun Erməni xidməti Azatutyun yazır ki, istifadəçilər baş nazirin Qarabağdakı vəziyyətin “misli görünməmiş şəkildə” gərgin olması barədə fikirlərə münasibət bildirməsini istəyiblər.

Pashinian buna cavab olaraq yazıb: “Bu müddət ərzində açılan atəşlərin sayı misilsiz şəkildə az olub. Bəzi hallarda bu atəşlərin sayı 2000-ci illərdəki səviyyəyə çatıb. Mənim baş nazir seçilməyimdən bu yana atəşkəs rejiminin misilsiz şəkildə az pozulduğunun şahidi olmuşuq. Təəssüf ki, buna baxmayaraq itkilərimiz olub. Ön xətdə Azərbaycan qoşunlarının müəyyən cəmləşməsi müşahidə olunur…”

Bunun ardınca Pashinian bildirib: “Əgər vəziyyətin misilsizliyi barəsində danışsaq, xeyr, vəziyyət misilsiz deyil. Əgər vəziyyət misilsizdirsə yalnız nisbi sakitlik mənasında son illərdə misilsiz hesab oluna bilər”.

Bununla belə Pashinian vurğulayıb ki, istənilən anda müharibəyə hazır olmaq lazımdır:

“Mən baş nazir seçiləndən sonra silahlı qüvvələrə əmrim bu olub ki, onlar bir an da sayıqlığını itirməsinlər…Necə də olsa, münaqişə çözülməyib, biz faktiki olaraq yarımüharibə vəziyyətindəyik və bu vəziyyət hər an dəyişə bilər. Lakin bu o demək deyildir ki, biz özümüzün normal həyat fəaliyyətimizdən qalmalıyıq…Biz qoşunlarımızın döyüş hazırlığı üzərində işləyirik. Çox mühümdür ki, biz sui-istifadələrin qarşısını alaq, əsgər payının qorunmasını təmin edək, xidmətin çəkilməsi üçün maksimum rahat şərait yaradaq”.

Ermənistanın baş naziri deyib ki, erməni tərəfi müdafiəyə hazırdır, lakin müharibə başlamağı düşünmür:

“Davakar ritorikadan Azərbaycan istifadə edir. Amma mən ümid edirəm, Azərbaycan rəhbərliyi sonunda başa düşəcək ki, Qarabağ münaqişəsinin hərbi həlli yoxdur. Beləki hərbi toqquşma qaçılmaz nəticələrə gətirib çıxaracaq. Əgər Azərbaycanda kimsə bu nəticələrin onlara toxunmayacağını düşünürsə, fikrimcə, heç bir tərəfi belə sınağa çəkməyə dəyməz”.