Ermənistanın baş naziri Nikol Paşinyan mayın 7-də Azərbaycana aid ərazilərin Bakının nəzarətinə qaytarılmasına qarşı davam edən etirazların təşkilatçılarını onu devirmək məqsədilə Ermənistan və Azərbaycan arasında daha bir müharibəni qızışdırmaq cəhdində ittiham edib.
AzadlıqRadiosunun Erməni xidməti – Azatutyunun yazdığına görə Paşinyan bildirib ki, o etirazçıların tələbinə uyğun olaraq sərhədyanı ərazilərin və dörd kəndin Bakıya qaytarılması tələbini yerinə yetirməsə, Azərbaycan Ermənistan ərazisinə müdaxilə edəcək.
Paşinyan bu barədə keçirdiyi mətbuat konfransında deyib:
“Əgər bu proses dayansa, müharibə başlayacaq. Mən inanıram ki, etiraz liderlərinin məqsədi də elə budur. Sərhəd delimitasiyasının dayandırılmasını tələb edən qüvvələr və onlara xaricdən kömək edən bəzi qüvvələr hər şeyi edəcəklər ki, daha çox Ermənistan əraziləri işğal olunsun və bundan Ermənistanda siyasi dəyişikliklərin həyata keçirilməsi üçün istifadə edilsin”.
Baş nazir bildirib ki, etirazçıların məqsədi Ermənistanda “oyuncaq hökumətin” qurulmasıdır.
Buna da bax: Rusiya ordusu Ermənistanın Azərbaycanla sərhədyanı bölgələrini tərk edirYerevanın 35 kilometrliyində
Bu arada arxiyepiskop Baqrat Qalstanyanın başçılığı ilə bir neçə yüz etirazçının sərhədyanı Tavuşdan Yerevana yürüşü davam edir.
Qazax rayonuna aid sözü gedən dörd kənd 1990-cı illərdə Ermənistan tərəfindən işğal edilib.
Müxalifət Paşinyanı bu kəndləri əvəzində heç nə almadan Azərbaycana qaytarmaq niyyətində ittiham edir.
Azatutyun yazır ki, yürüşçülər artıq Yerevanın 35 kilometrliyində yerləşən Çarentsavan şəhərinə çatıblar.
Yürüşə qatılmış müxalifətçi deputat Qarnik Danielyan deyib ki, onların məqsədi Ermənistanda bir daha müharibə olmamasıdır. Onun sözlərinə görə yürüşçülər Yerevana mayın 9-da çatacaqlar.
Azatutyun yazır ki, etiraz liderləri hələ ki Paşinyanın istefası tələbini irəli sürməyiblər.
Buna da bax: Almatı görüşü ilə bağlı: 'Bunu uğur saymaq olar ki...'Paşinyan katolikosu və Koçaryanı ittiham edir
Müxalifət Paşinyanın kəndlərin Azərbaycana qaytarılmasından məqsədin Azərbaycanın daha bir hərbi aqressiyasının qarşısının alınması olduğuna dair bəyanatlarını rədd edir.
Müxalifətçilər bildirirlər ki, ərazilərin Azərbaycana qaytarılması Bakının tələblərini daha da artıracaq.
Paşinyan mətbuat konfransında bunu da deyib ki, Erməni Kilsəsinin patriarxı – katolikos II Qareginin rəhbərliyi altında keçirilən etirazların əsas mənfəətdarı keçmiş prezident, əsas müxalifət alyansı olan Hayastan fraksiyasının başçısı Robert Koçaryandır.
O əlavə edib ki, Koçaryan bu məsələdə Moskvanın maraqlarına uyğun hərəkət edir.
Baş nazirin təbiri ilə deyilərsə, etirazlar xaricdəki “narkobaronlar” və cinayətkarlar tərəfindən qızışdırılır. Paşinyan bu qüvvələri xaricin xüsusi xidmətlərinə qulluq etməkdə ittiham edib.
Baş nazir “xaricin nüfuz agentlərindən” biri kimi Milli Təhlükəsizlik Xidmətinin keçmiş başçısı Artur Vanetsyanın adını çəkib.
Buna da bax: Ermənistan təhlükəsizlik strategiyasının təftişinə başlayıbSarkisyan və Koçaryan təmkinli mövqe tutublar
Azatutyun yazır ki, sözü gedən etiraz yürüşündə bəzi deputatların iştirakına baxmayaraq Daşnaksutyun partiyasının ali şurası bu hərəkata qoşulmaq barədə rəsmi mövqe bildirməyib.
Müxalif Hayastan fraksiyasının deputatı Artur Xaçatryan Azatutyunun bu etirazın son nəticədə baş nazirin istefası tələbi ilə davam edib-etməyəcyinə dair sualına cavab olaraq bildirib ki, o hərəkatın adından hər hansı bəyanatların verilməsinə müvəkkil edilməyib.
Azatutyun bildirir ki, onun eyni sorğusuna Robert Koçaryanın da ofisindən cavab verilməyib.
Respublika partiyasının lideri, daha bir keçmiş prezident Serj Sarkisyan keşiş Baqrat Qalstanyanın etirazını dəstəklədiyini bildirmişdi.
Lakin onun başçılıq etdiyi “Şərəfim var” fraksiyasının katibi Tiqran Abrahamyan Sarkisyanın “Tavuş ana vətən üçün” hərəkatına qoşulub-qoşulmayacağına dair konkret fikir söyləmədiyini deyib.
Deputat deyib ki, onlar arxiyepiskop Qalstanyanın nə kimi siyasi məqsədlər elan edəcəyini gözləyirlər.
Buna da bax: Kəndlərin Azərbaycana qaytarılmasına etiraz edən keşiş Yerevana yürüşə başlayıbSantimetrlərlə demarkasiya
Bu arada Paşinyan hökuməti Tavuş rayonunda Azərbaycana qaytarılacaq dörd kəndə bitişik kəndlərin delimitasiyaya etiraz edən sakinlərinə vəziyyəti səbirlə izah etməkdə davam edir.
Azatutyun yazır ki, mayın 7-də hüquq-mühafizə zabitləri Kirants kəndinin icma başçısı Kamo Şahinyanı sərhəd dirəklərini “öz gözləri ilə görməsi üçün” delimitasiya xəttinə buraxıblar.
Şahinyan deyib ki, o indiyədək keçirilmiş demarkasiyadan razı qalıb.
İcma başçısı təsdiq edib ki, kəndlilərin narahat olduqları 57 torpaq payı hazırda Ermənistanın nəzarətindədir.
Şahinyan deyb ki, Azərbaycanın Xeyrımlı və Ermənistanın Kirants kəndləri arasında delimitasiya xəttini göstərən 11 dirək görüb.
Paşinyan mayın 7-də deyib ki, Kirants sektorunda 12 sərhəd nöqtəsi müəyyənləşdirilib və bunlardan 8-nə dair razılaşma əldə olunub. Bu nöqtələrə sərhəd dirəkləri basdırılıb:
"Bizim əsas üç nöqtədə görüləcək çox həssas və təfərrüatlı işimiz qalıb. Çünki bunların müəyyənləşməsində santimetrlər nəzərə alınır və dəqiqlik tələb olunur. Bizə bir azca çox ziyan dəyir, amma dediyim kimi Kirants camaatının qaldırdığı problem ləğv olunur. Bu artıq Kirantsın yox, Ermənistan hökumətinin və şəxsən mənim problemimdir”.
İcma başçısı və sakinlər bildirirlər ki, onları ən çox narahat edən kənddəki körpü, məktəb və fərdi evlərdir.
Buna da bax: ABŞ səfiri: 'Mən Şuşada olmaqdan xoşbəxtəm'Bundan əvvəl
Aprelin 19-da Yerevan və Bakı sərhədin Qazax-Tavuş sektorunun bəzi hissələrinin dəqiqləşdirilməsi barədə ilkin razılaşma əldə olunduğunu bildiriblər.
Bəyanatda deyilirdi ki, iki ölkə arasında dövlət sərhədinin müəyyənləşdirilməsi prosesi Azərbaycan və Ermənistan arasında Sovet İttifaqının çökməsi anında mövcud olmuş sərhəd xətti əsasında aparılır.
Azatutyun yazır ki, Ermənistan tərəfi bu razılaşmaya uyğun olaraq hərbi qüvvələrini Azərbaycana qaytarılacaq Bağanis Ayrım, Aşağı Əskipara, Xeyrımlı və Qızılhacılı kəndləri ərazisindən geri çəkməlidir.
Bu da vurğulanır ki, bu razılaşmaya Ermənistanın həmsərhəd Berkaber kəndinin qarşısındakı ərazi və Gürcüstan-Ermənistan dövlətlərarası magistralının Ermənistanın Voskepar kəndinə bitişik hissəsi daxil deyil. Sözü gedən birinci ərazi Azərbaycanın, ikincisi isə Ermənistanın nəzarətindədir.
Ermənistan hökumətinin verdiyi son məlumata görə sərhəd xətti üzərində 40 dirək artıq vurulub.
Xatırlatma
1990-cı illərin əvvəllərində Qarabağ münaqişəsi Azərbaycan və Ermənistan arasında toqquşmalara səbəb olub.
Azərbaycanın Qarabağ bölgəsi, ətraf 7 rayonu işğal edilib.
2020-ci ildə 44 günlük müharibə nəticəsində Bakı həmin 7 rayona, Qarabağın isə bir hissəsinə nəzarətini bərpa edib. Regiona Rusiya sülhməramlı kontingenti yerləşdirilib.
Bakı bu il sentyabrın 19-20-də Qarabağda "lokal antiterror tədbirlər" elan edib. Yerevan bunu "etnik təmizlənmə" və "təcavüz" kimi dəyərləndirib.
Sentyabrın 20-də Qarabağ separatçıları Bakının şərtlərinə razılaşdıqlarını bildiriblər. Daha sonra Qarabağdan Ermənistana əhali köçü başlayıb.
Sentyabrın 28-də tanınmayan qurum fəaliyyətini dayandıracağını elan edib. Separatçı qurumun bir çox liderləri saxlanaraq Bakıya gətirilib.