Azərbaycan XİN Nikol Paşinyana cavab verib

Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Ermənistan Baş naziri Nikol Paşinyanın avqustun 31-də keçirdiyi hökumət müşavirəsində səsləndirdiyi bəzi fikirlərə münasibət bildirib.

XİN-in açıqlamasına görə, Azərbaycanı soyqırımı həyata keçirməkdə təqsirləndirən Nikol Paşinyanın heç bir əsas olmadan bu kəlməni bu qədər “ucuzlaşdırması” Ermənistanın məsuliyyətsiz “manipulyasiya” fəaliyyətinin təzahürüdür.

“Laçın yolunun birtərəfli qaydada açılması və erməni sakinlərin qovulması planları barədə iddiaya gəldikdə bildirmək istərdik ki, hal-hazırda erməni sakinlərin Laçın sərhəd buraxılış məntəqəsindən hər iki istiqamətdə keçidinə şərait yaradılır. Azərbaycan tərəfinin bölgədə etnik təmizləmə siyasəti həyata keçirməkdə təqsirləndirilməsi absurddur” - XİN vurğulayır.

Azərbaycan XİN hesab edir ki, əksinə, “1980-ci illərin sonunadək indiki Ermənistan ərazisində yaşayan azərbaycanlılara qarşı soyqırımı... həyata keçirən Ermənistan tərəfi hər bir dövlətin eyni yanaşma tətbiq etdiyini... düşünür.”

Paşinyan: ‘Azərbaycan sülhməramlıların gözü qarşısında...’

Humanitar yüklə Laçın dəhlizinin girişində, Kornidzorda dayanmış 32 yük maşınına Qarabağa daxil olmaq imkanı verilməyib.

AzadlıqRadiosunun Erməni xidməti – Azatutyun yazır ki, bunu avqustun 31-də keçirdiyi hökumət müşavirəsində baş nazir Nikol Paşinyan deyib.

O əlavə edib ki, “Azərbaycan Rusiya sülhməramlılarının gözü qarşısında ölüm aclığı yaratmaqla Qarabağ ermənilərinə qarşı soyqırım siyasətini davam etdirir”.

Paşinyan vurğulayıb ki, Bakının əsas siyasəti Qarabağ ərazisinin ermənilərdən azad edilməsidir:

“Artıq dediyim kimi Azərbaycan humanitar böhranının ən kəskin anında adamların Dağlıq Qarabağdan çıxmasına imkan yaratmaq və qayıdışını qadağan etməklə Laçın dəhlizini birtərəfli qaydada açmağı planlaşdırır”.

Buna da bax: Prezidentin köməkçisi: '24 saata Laçın yolunun açılması təmin oluna bilər'

Əsas məsələ Bakı-Xankəndi dialoqudur

Baş nazir deyib ki, o bu vəziyyətdən çıxış yolunu Xankəndi və Bakı arasında dialoq üçün beynəlxalq mexanizmin yaradılmasında görür.

Paşinyanın iddiasına görə beynəlxalq mexanizm olmasa, Bakı əlindəki bütün vasitələrlə bu dialoqu pozmağa çalışacaq.

Ermənistan baş naziri vurğulayıb ki, Qarabağda yaranmış vəziyyətə beynəlxalq icmanın diqqətini cəlb etmək üçün səyləri davam etdirmək lazımdır.

O xatırladıb ki, Azərbaycan Laçın dəhlizinin açılmasına dair BMT məhkəməsinin 22 fevral və 6 iyul qərarlarına məhəl qoymur:

“Biz Laçın dəhlizinə və Dağlıq Qarabağa faktların aşkar edilməsi məqsədilə beynəlxalq missiyanın təşkili ideyasını yorulmadan irəli sürməliyik, çünki bu, xüsusilə də indi tam bir zərurətdir”.

Lakin Paşinyan əlavə edib ki, hazırda əsas vəzifə Qarabağa humanitar yardımların çatdırılmasıdır.

Buna da bax: Zaxarova: Laçın dəhlizindəki vəziyyət Ermənistanın Azərbaycanın ərazi bütövlüyünü tanımasının nəticəsidir. Yerevandan cavab

Yollarda qalan yardımlar

Azatutyun xatırladır ki, Fransanın humanitar yardımını daşıyan ilk yük maşınları avqustun 9-dan Kornidzordadır. İyulun 26-da Ermənistandan göndərilmiş humanitar yardım maşınları da buradadır. Onları Azərbaycanın Laçın postundan Qarabağa buraxmırlar.

Bundan əvvəl Ermənistanın da Xankəndiyə 361 ton humanitar yardımın göndərdiyi barədə məlumat yayılmışdı. Ermənistanın Baş naziri Nikol Paşinyan bildirmişdi ki, yardım Laçın yolu vasitəsilə göndərilib. Lakin Azərbaycanın həmin yardımı buraxmaqdan imtina etdiyi, yük dolu maşınların iki ölkənin sərhədində qaldığı açıqlanıb.

Azərbaycan isə Qarabağda yaşayan erməni sakinlərin humanitar ehtiyaclarını ödəmək üçün Ağdam-Xankəndi yolunu təklif etdiyini vurğulayıb. Rəsmi Bakının bildirməsinə görə, qarşı tərəf bundan, hələlik, imtina edib.

Buna da bax: Arutyunyan istefa verir

Ötən ildən...

Ermənistan ötən ilin dekabrından Laçın-Xankəndi yolunun blokadada olduğunu deyir. Azərbaycan bunu təkzib edərək dəhlizin humanitar məqsədlər üçün açıq olduğunu bildirir.

Bu ilin aprelindən Azərbaycan yolun başlanğıcında sərhəd-buraxılış məntəqəsi qurulduğunu bildirib.

Bu addım Ermənistandan Azərbaycan ərazisinə qanunsuz silah daşınması ilə izah edilib. Ermənistan isə bu ittihamı qəbul etmir.

Ermənistan rəsmiləri hesab edirlər ki, sərhəd-buraxılış məntəqəsinin qurulması üçtərəfli bəyanatla ziddiyyət təşkil edir.

Buna da bax: Azərbaycan Fransaya nota verib

Xatırlatma

Qarabağ münaqişəsi Azərbaycan və Ermənistan arasında müxtəlif illərdə döyüşlərə səbəb olub.

1994-cü il atəşkəs razılaşmasına qədər Azərbaycan Qarabağ bölgəsi və ətraf 7 rayona nəzarəti itirib.

Amma 2020-ci ildə 44 günlük İkinci Qarabağ müharibəsi nəticəsində Azərbaycan Qarabağın bir hissəsinə və ətraf 7 rayona nəzarəti bərpa edib.

Azərbaycan, Ermənistan və Rusiya rəhbərliyinin birgə razılaşması ilə Laçın dəhlizində və Qarabağdakı təmas xəttində Rusiya sülhməramlıları yerləşdirilib.

Amma tərəflər arasında indiyə kimi sülh sazişi imzalanmayıb.