Paşinyan ölkə başçılığına hazır olduğunu deyir

Nikol Paşinyan

Baş nazir Serj Sarkisyanın devrilməsi ilə nəticələnmiş 11 günlük etiraz aksiyasına liderlik etmiş müxalif millət vəkili Nikol Paşinyan aprelin 24-də ölkəyə rəhbərlik etməyə hazır olduğunu bildirib:

"Əgər xalq bu məsuliyyəti mənim üzərimə qoymaq istəsə, mən bu məsuliyyəti qəbul etməyə hazıram”.

Paşinyan bu bəyanatı minlərlə tərəfdarı ilə birlikdə Birinci Dünya Müharibəsi illərində Osmanlı Türkiyəsində ölmüş soydaşlarının xatirə kompleksinə baş çəkdikdən sonra verib.

Hər il aprelin 24-də keçirilən bu mərasim 1915-ci il ölümlərini “soyqırım” adlandıran ermənilər üçün son dərəcə emosional məqamdır.

Təhlilçilər bildirirlər ki, 24 aprelin hüznündən sonra 25 aprelin yüksək siyasəti başlanacaq. Aprelin 25-də Paşinyan baş nazir əvəzi Karen Karapetyanla görüşərək ölkənin gələcəyini müzakirə edəcək. Karapetyan Serj Sarkisyanın hakim Respublikaçı Partiyasının üzvüdür.

Əynində ənənəvi kamuflyajı, başında beysbol papağı olan Paşinyan deyib ki, 25 aprel danışıqlarının mövzusu “hakimiyyətin təlatümsüz keçidi” məsələsi olacaq.

O hələ aprelin 23-də demişdi ki, hakim partiyanın “xalq inqilabının qələbəsini qeyd-şərsiz və yekdillikllə qəbul edəcəyinə ümid bəsləyir”.

Paşinyanın son bəyanatından bəlli olur ki, o keçid dövrü üçün baş nazir olmaq istəyir.

Bundan sonra keçiriləcək erkən parlament seçkiləri 105 yerlik parlamentdə hakim partiyanın hegemonluğuna son qoymalıdır.