Paşinyan ABŞ-ın keçirdiyi sammitdə Azərbaycanı ittiham etdi

Ermənistanın baş naziri Nikol Paşinyan "Demokratiya naminə" sammitində çıxış edir

Azərbaycan XİN Nikol Paşinyana cavab verib

Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) mətbuat katibi Ayxan Hacızadə Ermənistan Baş naziri Nikol Paşinyanın Demokratiya Sammitində səsləndirdiyi bir sıra fikirlərə münasibət bildirib.

Nazirliyin sözçüsü hesab edir ki, Azərbaycanın Laçın yolunu bağladığı barədə iddialar səsləndirməsinin heç bir əsası yoxdur.

"Bununla yanaşı, Laçın yolunun şimalında Ermənistanın torpaq yollarından qeyri-qanuni fəaliyyətlər üçün istifadəsinin, Azərbaycanın ərazilərinə silah-sursat daşımaqla vəziyyətin daha da gərginləşmək və potensial təxribatların törədilməsi niyyətinin qarşısını almaq məqsədilə... müvafiq nəzarət tədbirlərinin görülməsinin Ermənistan Baş naziri tərəfindən işğal kimi qiymətləndirilməsi qəbuledilməzdir", - açıqlamada vurğulanır.

"Baş nazirin Azərbaycanın etnik təmizləmə və "soyqırımı" aktı törətmək niyyətində olması barədə növbəti dəfə səsləndirdiyi absurd fikirlərə gəldikdə qeyd edək ki, Azərbaycan tarix boyu Ermənistanın azərbaycanlılara qarşı törətdiyi kütləvi qırğınların qarşılığında heç zaman mülki əhalini hədəf almayıb…", - XİN sözçüsü əlavə edib.

+++

“Mən sülh naminə, azadlıq naminə, səadət naminə demokratiyanın gücünə inanıram”.

AzadlıqRadiosunun Erməni xidməti – Azatutyun yazır ki, bunu martın 29-da ABŞ prezidenti Co Baydenin sədrlik etdiyi “Demokratiya naminə” adlı ikinci virtual sammitdə Ermənistanın baş naziri Nikol Paşinyan deyib.

Azərbaycan bu tədbirə dəvət edilmiş 120 ölkənin arasında yoxdur.

Paşinyan özünün 3.5 dəqiqəlik çıxışının böyük bir hissəsini Laçın dəhlizinin blokadasına, Qarabağ və Ermənistanın təhlükəsizliyinə həsr edib.

Paşinyan bildirib ki, Azərbaycan 2022-ci ilin sentyabrında Ermənistanın suveren ərazisinə müdaxilə edib:

“Biz sentyabrda demokratiyaların həmrəyliyini və Ermənistana qarşı təcavüzün aydın pislənməsini hiss etdik”.

Buna da bax: Moskva Yerevanı ‘ziyanlı diskussiyanı’ dayandırmağa çağırır

Azərbaycana etnik təmizləmə cəhdi ittihamı

Azatutyun yazır ki, baş nazir ABŞ və “müdaxilənin genişlənməsinin önlənməsinə kömək etmiş başqa partnyorlara” təşəkkürünü bildirib.

İnsan haqlarının pozulmasından danışan Paşinyan soyqırım və etnik təmizləmənin təhlükəsini və bunların önlənməsi zərurətini vurğulayıb:

“Bugün Dağlıq Qarabağda ermənilərlə bağlı baş verənlər, Laçın dəhlizinin Azərbaycan tərəfindən blokadası və bunun nəticəsində yaranmış humanitar böhran, sözsüz ki, Dağlıq Qarabağın ermənilərdən etnik təmizlənməsi cəhdidir. Və biz buna göz yuma bilmərik. Eyni zamanda təkrar edirəm ki, Ermənistan Azərbaycanla sülh prosesinə sadiq qalır. Biz əminik ki, regionun dinc inkişafının alternativi yoxdur və demokratik dəyərlərə sadiqliyimiz bizə sülhün yolunu tapmaqda kömək edəcək”.

Sammitə dəvət olunmayanlar sırasında Rusiya və Türkiyə də var.

Buna da bax: Amnesty: ‘Erməni əsgərlərin güllələnməsi videosu hələ də araşdırılır’

Ekspertlər nə deyirlər?

Reuters agentliyi yazır ki, bu virtual sammitə onlardakı insan haqlarının vəziyyətindən narahatlığa görə Polşa, İsrail və Hindistan kimi ölkələr də dəvət olunublar.

İnsan haqları müdafiəçiləri ABŞ administrasiyasına belə bir sammitin keçirilməsi üçün təşəkkür bildiriblər, amma deyiblər ki, sammitə qoşulan ölkələrdə demokratiyanın yaxşılaşdığını göstərən çox az əlamətlər var.

Onlar habelə qeyd edirlər ki, sammitin ölkələrin öhdəliklərinə neçə əməl etməsinə nəzarət mexanizmi də yoxdur.

Ekspertlər bildirirlər ki, insan haqlarını öz xarici siyasətinin bayrağı elan edən administrasiya çox çətin seçimlərlə üzləşir.

Tess Makeneri (Tess McEnery) 2022-ci ilin avqustunadək Bayden administrasiyasında insan haqları məsələləri ilə məşğul olub. O hazırda Yaxın Şərqdə Demokratiya adlı layihədə çalışır:

"Düşünürəm ki, administrasiya istənilən başqa administrasiyalar kimi bu məsələnin nə qədər çətin olması ilə üzləşib”.

Ekspertin fikrincə ABŞ Hindistan kimi strateji maraqları olan ölkələrə münasibətdə siyasətini kəskin dəyişə bilmir.

Ekspertlər bildirirlər ki, Rusiyanın Ukraynaya qarşı təcavüzü Baydenin demokratiyaları avtoritar rejimlərə qarşı səfərbər etmək planına maneçilik yaradır.

Sizin brauzer HTML5-i dəstəkləmir

Paşinyanın partiyası Sünik və Şirakda qalib gəlib

ABŞ rəsmiləri tənqidləri rədd edirlər

Strateji və Beynəlxalq Tədqiqatlar mərkəzindən Kristofer Hernandez-Roy deyir ki, bu yolda bəzən bir diktatorla mübarizədə başqa bir diktatorla danışıqlar aparmaq lazım gəlir.

ABŞ rəsmiləri bildirirlər ki, administrasiya bir çox “legitim tənqidlərdən” agahdır, lakin Vaşinqton hər bir ikitərəfli münasibətlərində insan haqları məsələsini uca tutur.

Reuters yazır ki, sözü gedən sammit lap əvvəldən liderlərin fiziki toplanışını nəzərdə tuturdu, lakin COVID-19 pandemiyası buna mane oldu.

İkinci sammit isə uzun müddət təxirə salındıqdan sonra yenə də onlayn formatında keçirilir.

Builki sammitə ABŞ-la yanaşı Kosta Rika, Zambiya, Niderland və Cənubi Koreya da həmsədrlik edirlər.

Buna da bax: Separatçılar Bakının görüş təklifinə cavab verdilər

Rəsmi Bakının mövqeyi

Rəsmi Bakı Ermənistan baş nazirinin “Demokratiya naminə” sammitində səsləndirdiyi ittihamlara hələ ki münasibət bildirməyib.

Əslində Nikol Paşinyan Azərbaycanın Qarabağda etnik təmizləməyə cəhd göstərməsinə dair fikirləri əvvəllər də səsləndirib.

Martın 23-də onun belə bəyanatlarından birinə cavab olaraq Azərbaycan XİN-in rəsmi nümayəndəsi demişdi:

“Baş nazir Nikol Paşinyana tövsiyə edirik ki, tarixdən dərs çıxararaq, 30 il ərzində Azərbaycan ərazilərini işğal edən, yüz minlərlə azərbaycanlıya qarşı etnik təmizləmə həyata keçirən Ermənistanı doğru istiqamətə yönəltsin, Azərbaycanın 2020-ci ildən bəri irəlilətdiyi sülh gündəliyinə mane olmasın, habelə Azərbaycanın ərazi bütövlüyünə qəsd və daxili işlərinə qarışmaq kimi təcavüzkar fəaliyyətlərdən əl çəksin... Eynilə, Ermənistan tərəfinin özünü Azərbaycanın erməni sakinlərinin “hüquq müdafiəçisi” kimi təqdim etməyə heç bir mənəvi haqqı yoxdur”.

Azərbaycan bildirir ki, Qarabağ erməniləri onun vətəndaşlarıdır və bütün başqa vətəndaşlarla eyni hüquqlara malikdir.

Bakı Ermənistanın suveren ərazisinə müdaxilə etməsinə dair ittihamları da rədd edir və bildirir ki, sərhədin delimitasiya olunmadığı halda əraziyə müdaxilədən söhbət gedə bilməz.

Buna da bax: Rusiya Ermənistanda hərbi təlimlər keçirir, Qarabağda…

Xatırlatma

Ötən ilin dekabrın 12-dən Şuşa şəhəri yaxınlığında Laçın-Xankəndi yoluna toplaşıb özlərini eko-fəallar kimi təqdim edən Azərbaycan vətəndaşları növbəli aksiya keçirirlər.

Etirazçıların sözlərinə görə onlar yolu bağlamayıblar, humanitar və təcili tibbi yardım maşınlarının keçməsinə imkan yaradırlar.

Onlar Qarabağdakı qızıl və mis yataqlarında monitorinq keçirilməsini tələb edirdilər.

Ermənistan tərəfi isə Azərbaycanı bu aksiyanın arxasında durmaqda, Qarabağ ermənilərini blokadaya almaqda və "humanitar böhran" yaratmaqda ittiham edir.

2020-ci ildə 44 günlük İkinci Qarabağ Müharibəsi nəticəsində Azərbaycan Qarabağın bir hissəsinə və ətraf 7 rayona nəzarəti bərpa etmişdi.

Həmin il Azərbaycan, Ermənistan və Rusiya rəhbərliyinin imzaladığı birgə bəyanatla döyüşlər dayandırılandan sonra Laçın dəhlizində və Qarabağdakı təmas xəttində Rusiya sülhməramlıları yerləşdirilib.

1988-ci ildə başlayan Qarabağ münaqişəsi Azərbaycan və Ermənistan arasında döyüşlərə səbəb olmuşdu.

1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu işğal edilmişdi.